EN

Nyu Yorkun müsəlman meri: özü hind, arvadı suriyalıdır FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nyu-Yorkun yeni seçilmiş müsəlman meri Zohran Mamdani qələbəni həyat yoldaşı Rama Duvaji ilə birlikdə qeyd edib.

Mer seçkilərinin nəticələri elan olunarkən Uqandada doğulmuş hind əsilli Mamdani tribunadan həyat yoldaşına səslənib: “İnanılmaz həyat yoldaşım, Rama, həyatım! Hazırda və hər zaman yanımda olmasını istədiyim yeganə insandır!”.

Modern.az-ın məlumatına görə, 28 yaşlı Rama Duvaji şəhərin indiyədək ən gənc “birinci xanımı” sayılır.

Duvaji Suriya əsillidir. Nyu-Yorkda yaşayan vizual sənətçi yaradıcılığında tez-tez Yaxın Şərq mövzularına müraciət edir. Onun əsərləri "BBC News", "The New York Times", "The Washington Post", "Vice" nəşrlərində və Londondakı Tate Modern muzeyində nümayiş olunub.

Duvaji və Mamdani üç ay əvvəl evləniblər. Cütlük “Hinge” adlı tanışlıq tətbiqində bir-birini tapıb.

Rama Duvaji uzun müddət ərzində həyat yoldaşının seçki kampaniyasında ön planda görünməyib. Bu, bəzi rəqiblərin “Mamdani həyat yoldaşını gizlədir” iddialarına səbəb olub. Lakin mer bu fikirlərə cavab olaraq Nyu-York Bələdiyyə Binasında baş tutan nikah mərasimlərinin fotolarını paylaşıb və yazıb: “Fikirlərimi tənqid edə bilərsiniz, amma ailəmi deyil”.

CNN-in məlumatına görə, Duvaji ictimai diqqətdən uzaq qalmağı üstün tutsa da, səhnəarxasında kampaniyanın əsas yaradıcı qüvvələrindən biri olub. Seçki kampaniyasında istifadə olunan loqo və rəng palitrası - sarı, narıncı və mavi tonlar onun dizaynıdır.

Rama Duvaji Texas ştatının Hyuston şəhərində doğulub, 9 yaşında Dubaya köçüb, bir müddət Qətərdə təhsil alıb. Ərəb mənbələrinə görə, ailəsi Dəməşq mənşəlidir. O, Virciniya Universitetini bitirib, daha sonra Nyu-York İncəsənət Məktəbində illüstrasiya üzrə magistr təhsili alıb.

Duvaji bəzi paylaşımlarında ABŞ-ın xarici siyasətini, İsrailin hərbi əməliyyatlarını və Fələstin xalqına qarşı zorakılığı tənqid edib. Bu mövqeyi həyat yoldaşı Mamdaninin siyasi baxışları ilə səsləşir.

Pandemiya dövründə Duvaji bir müddət Dubayda yaşayıb. Aprel ayında verdiyi müsahibədə ABŞ və Yaxın Şərqdə artan gərginlik fonunda “hazırda Nyu-Yorkda vəziyyət qaranlıqdır” deyib: “Dostlarım və ailəm üçün narahatam. Çoxları qorxu içində susdurularkən mənim edə biləcəyim tək şey Fələstin, Suriya və ABŞ-da baş verənlər barədə səsimi ucaltmaqdır.”

O, sənətin sosial məsuliyyətindən danışaraq məşhur caz ifaçısı Nina Simonun fikrini xatırladıb: “Sənətçi yaşadığı dövrü əks etdirməlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
modern.az

3Sources