EN

“Poz-Qazan” lotereya biletlərini ələ keçirən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə soyğunçuluqda təqsirləndirilən Vasif Bəkirovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına görə, Vasif Bəkirov digər iki nəfərlə – şəxsiyyəti istintaqa məlum olmayan “Rövşən” adlı şəxs və başqa bir naməlum şəxslə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Belə ki, onlar 2023-cü ildə saat 21 radələrində “VAZ-2106” markalı avtomobillə səyyar şəkildə “Poz-Qazan” lotereya biletlərinin satışının həyata keçirildiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Yolu şosesində yerləşən “Bolmart” marketin qarşısına gəliblər.

Cinayətkar qrupun üzvləri əvvəlcədən razılaşdırılmış plana əsasən, avtomobili bir qədər aralıda, mühərriki işlək vəziyyətdə saxlayaraq müşahidə aparıblar. Bu zaman şəxsiyyəti istintaqa məlum olmayan şəxs maşından düşərək “Poz-Qazan” lotereya biletlərini satan zərərçəkmiş şəxsə yaxınlaşıb və guya 50 manatlıq əskinazla iki ədəd “10 manatlıq” bilet almaq istədiyini bildirib. Zərərçəkmiş şəxs pulu xırdalamaq məqsədilə yaxınlıqdakı “Topaz” mərc oyunları ofisinə daxil olduğu zaman həmin şəxs onun müvəqqəti nəzarətsiz qoyduğu 95 ədəd, hər biri 9 manat 40 qəpik, ümumilikdə 893 manat dəyərində olan “10 manatlıq” nominaldakı lotereya biletlərini götürərək gizli şəkildə ələ keçirməyə cəhd edib.

Hadisə zamanı zərərçəkmiş şəxs onun bu əməlini görüb arxasınca qaçmağa başladıqda, cinayətkarlar gizli talamanı başa çatdıra bilməyəcəklərini anlayaraq hərəkətlərini açıq talamaya – soyğunçuluğa yönəldiblər. Şəxsiyyəti məlum olmayan şəxs zərərçəkmişin gözü qarşısında ələ keçirdiyi biletləri öz gödəkçəsinin cibinə qoyaraq qaçmağa başlayıb və yaxınlıqda mühərriki işlək vəziyyətdə gözləyən avtomobilə tərəf qaçıb. Bu zaman təqsirləndirilən şəxs avtomobilin arxa sağ qapısını açaraq həmin şəxsin tez bir zamanda maşına minməsinə şərait yaradıb və dərhal hadisə yerindən uzaqlaşıb.

Beləliklə, təqsirləndirilən şəxs və onunla qabaqcadan əlbir olan digər şəxslər ümumilikdə 893 manat dəyərində “Poz-Qazan” lotereya biletlərini ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq törədiblər.

Daha sonra Vasif Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. (Pravda.az)

Bizim.Media

Chosen
8
1
bizim.media

2Sources