EN

Azərbaycan–Rumıniya media əməkdaşlığı

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 5-də bu ölkənin AGERPRES xəbər agentliyinin baş direktoru Klaudiya Viktoriya Nikolae ilə görüşüb.

Görüşdə Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Klaudiya Viktoriya Nikolae AGERPRES agentliyinin beynəlxalq informasiya şəbəkələrində, o cümlədən Avropa Xəbər Agentlikləri Alyansında (EANA) və Avropa İttifaqı (Aİ) Media Forumu çərçivəsində gördüyü işlər haqqında məlumat verib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, agentliklə AGERPRES arasında uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əlaqələrin daha da gücləndirilməsi regional, beynəlxalq informasiya məkanında etibarlı tərəfdaşlıq üçün əsas yaradır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində yeni kommunikasiya texnologiyalarının tətbiqindən və süni intellekt əsaslı xəbər istehsalında əməkdaşlığın perspektivlərindən danışıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual və rəqəmsal media platformaları üzrə tənzimləmə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində Rumıniya təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.

Ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanovun da iştirak etdiyi görüşdə Azərbaycan nümayəndə heyətinə AGERPRES-in arxivi barədə məlumat verilib. Qonaqlara agentliyin zəngin tarixi foto və video fondları, o cümlədən Rumıniya ilə Azərbaycan arasında ötən əsrdən bu günədək baş tutmuş ikitərəfli səfərlər, dövlət başçılarının görüşləri və mədəni tədbirləri əks etdirən nadir materiallar nümayiş olunub.

Tərəflər bu materiallar əsasında ortaq fotosərgi təşkil etmək barədə razılığa gəliblər. Sərgidə sovet dövründən müasir dövrədək Rumıniya-Azərbaycan münasibətlərinin inkişafını və iki ölkə arasında dostluğun tarixi köklərini əks etdirən fotoların nümayişi nəzərdə tutulur.

XQ

Chosen
7
2
xalqqazeti.az

10Sources