Ümid edirəm ki, Avropa məkanında həm demokratiya, insan haqları, həm də iqtisadiyyat baxımından yaşanan davamlı tənəzzül dayanacaq.
Herbiand.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan hazırkı Avropa İttifaqının üzvü olmaq istəmir: “Avropa İttifaqında bugünkü faciəvi vəziyyət həm iqtisadi, həm də siyasi problemlərdə öz əksini tapıb. Bu durumu məhz Avropa bürokratiyası yaradıb. Biz bu faciəvi vəziyyətin dəyişəcəyinə ümid edirik”.
Kobaxidze qeyd edib ki, Avropa Komissiyasının genişlənməyə dair hesabatında Gürcüstanla bağlı təhrif olunmuş faktlar təqdim olunub və böyük ədalətsizlik əksini tapıb.
Qeyd edək ki, noyabrın 4-də Avropa Komissiyasının açıqladığı genişlənməyə dair hesabatında Gürcüstan hakimiyyəti sərt tənqid olunub. Bildirilib ki, Gürcüstanda 2024-cü ildən ciddi demokratik geriləmə müşahidə olunur və ölkənin Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb.
Xatırladaq ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Hökumət Gürcüstanın Aİ-yə üzvlüyə 2030-cu ildə daha hazırlıqlı olacağını bildirib.