EN

“Apple” və “Google” AI sahəsində $1 milyardlıq əməkdaşlıq müqaviləsi bağlayıb

“Apple” şirkəti “Google”un “Gemini” adlı süni intellekt modelindən istifadə etmək üçün illik təxminən 1 milyard dollar ödəməyi nəzərdə tutan razılaşmanı yekunlaşdırmaq üzrədir. Bu texnologiya Siri səs köməkçisinin modernləşdirilməsinə yönəlib, “Bloomberg” yazır.

Avqust ayında agentlik yazmışdı ki, iPhone istehsalçısı olan “Apple” “Google”un ana şirkəti Alphabet-ə öz süni intellekt modelini yaratmaq təklifi ilə müraciət edib. “Apple” 1,2 trilyon parametrli süni intellekt modelini tətbiq etməyi planlaşdırır ki, bu da mövcud 150 milyard parametri olan modeldən dəfələrlə güclüdür. Bu addım sistemin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, mürəkkəb məlumatları emal etmək və konteksti daha yaxşı anlamaq qabiliyyətini artıracaq.

Əvvəllər “Apple” “OpenAI”nin “ChatGPT” və “Anthropic”in “Claude” modellərini də nəzərdən keçirib, lakin sınaqlardan sonra “Gemini”ni seçib.

Razılaşmaya əsasən, “Gemini” “Siri” daxilində iki əsas funksiyanı yerinə yetirəcək: xülasənin yaradılması (bildirişlərin, veb-səhifələrin, mətnlərin qısa icmalı) və planlaşdırma sistemi (əmrlərin yerinə yetirilmə üsulunu müəyyən edən modul). Bu funksiyaların bir hissəsi “Apple” cihazlarında lokallaşdırılmış şəkildə işləyəcək.

Yenilənmiş model “Apple”ın öz bulud hesablamaları serverlərində fəaliyyət göstərəcək və bu, istifadəçi məlumatlarının “Google” infrastrukturundan qorunmasını təmin edəcək. “Bloomberg” yazır ki, “Apple” artıq bu modelin işləməsi üçün xüsusi server avadanlıqları ayırıb.

Yenilənmiş Siri-nin təqdimatı gələn yaz üçün planlaşdırılır, lakin tərəfdaşlığın detalları dəyişə bilər. “Bloomberg”in məlumatına görə, bu saziş geniş ictimaiyyətə açıqlanmayacaq və “Apple” “Google”u sadəcə texnologiya təchizatçısı kimi qəbul edəcək. “Google”un süni intellekt texnologiyasının “Apple” əməliyyat sistemlərinə birbaşa inteqrasiyası isə nəzərdə tutulmur.

“Bloomberg” qeyd edir ki, bu razılaşma “Safari” brauzeri ilə bağlı müqavilədən fərqlidir — həmin müqaviləyə əsasən “Google” standart axtarış sistemi kimi təyin olunub. Bu, ABŞ-də “Google”a qarşı antimonopoliya iddiasına səbəb olmuşdu, lakin məhkəmə şirkətin xeyrinə qərar verib və “Chrome” brauzerinin və “Android” əməliyyat sisteminin satılmasını tələb edən iddianı rədd edib.

“Apple” və “Google” nümayəndələri məsələyə münasibət bildirməkdən imtina ediblər.

Chosen
66
banker.az

1Sources