EN

MDB: təhlükəsizlik və Cənubi Qafqazda sülh

Rusiyanın regiona baxış mücərrədliyi, yoxsa...

Dünən Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşü keçirildi. Tədbir 31 oktyabr – 5 noyabr tarixlərində Rusiya paytaxtında reallaşdırılan “Rusiya və MDB xalqları” adlı beynəlxalq festivalın yekun toplantısına çevrildi.

Görüşlə bağlı əvvəlcədən yayılmış məlumatda bildirilmişdi ki, orada əsas müzakirə mövzusu MDB üçün yaranan təhdidlər, təhlükəsizlik çağırışları, onlara qarşı birgə reaksiya tədbirləri, Qərbin ideoloji ekspansiyası ilə mübarizə məsələləri olacaq. O da bildirilmişdi ki, toplantıya sədrlik edəcək Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Azərbaycan və Ermənistan nümayəndələri ilə ayrıca ikitərəfli təması da nəzərdə tutulur. Gözlənildiyi kimi də oldu. Amma bu barədə bir qədər sonra.

* * *

Hələlik onu deyək ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov daha əvvəl TASS-a açıqlamasında MDB təhlükəsizlik şuraları katiblərinin görüşünün etimada əsaslanan unikal format olduğunu, bu formatın təhlükəsizlik sahəsində gündəlikdə duran ən mürəkkəb məsələlərin açıq və konstruktiv şəkildə müzakirəyə çıxarılmasına, həmçinin ortaq ənənəvi dəyərlər əsasında ölkələrin və xalqların xarici və daxili təhdidlərdən müdafiəsi üçün birgə qərarların hazırlanmasına imkan verdiyini vurğulamışdı. O zaman reallığa diqqət yetirək.

Əlbəttə, MDB vacib platformadır. Bu vacibliyi Azərbaycanın maraq və mənafeləri baxımından da əsaslandırmaq mümkündür. Məsələ ondadır ki, qurum 1991-ci ildə SSRİ-nin süqutundan sonra keçmiş sovet respublikaları arasında əməkdaşlığı qorumaq məqsədilə yaradılmışdı. Onun əsas hədəflərindən biri yalnız iqtisadi və siyasi əlaqələri deyil, həm də regional təhlükəsizliyi təmin etmək idi. Lakin illər ərzində MDB-nin təhlükəsizlik sahəsindəki real təsir gücünə malik təşkilat olmadığı üzə çıxdı.

* * *

Ümumən, MDB təhlükəsizlik sahəsində institusional bazasını bir neçə mexanizm təşkil edir. Bunlardan birincisi Antiterror Mərkəzidir. Bu mərkəz 2000-ci ildə Moskvada yaradılıb və məqsədi terrorçuluq, separatçılıq və ekstremizmlə mübarizədə üzv dövlətlər arasında koordinasiyanı həyata keçirməkdir. Qurumun başlıca fəaliyyəti məlumat mübadiləsi və hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə məhdudlaşır. Yəni, burada faktiki əməliyyat potensialı və səlahiyyət yoxdur.

İkinci baza MDB Müdafiə Nazirləri Şurası və Sərhəd Qoşunları Komitəsidir. Bu alt qurum isə müdafiə nazirləri səviyyəsində əlaqələndirmə platforması kimi fərqlənir, müştərək təlimlər və sərhəd təhlükəsizliyi üzrə protokollar hazırlayır, amma nəzərdə tutulmuş işin icrası çox vaxt siyasi iradədən asılı olur.

Üçüncü bazaya gəldikdə, burada narkotik və transsərhəd cinayətkarlığına qarşı əməkdaşlıq vurğulanmalıdır. Bu özəyin Əfqanıstandan gələn təhlükələrə qarşı məlumat və təcrübə mübadiləsi reallaşdırdığı bildirilir. Onun fəaliyyətinin əsasən deklarativ xarakter daşıdığı da həmçinin.

* * *

Onu da bildirək ki, MDB-də mühüm söz sahibi olan Rusiya qurumun təhlükəsizlik sahəsində bir o qədər mütəşəkkil fəaliyyət göstərmədiyini hiss etdiyindən, 1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasına nail oldu. 2002-ci ildə bu saziş əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yarandı və qurum bu kimi prioritetləri açıqladı: Üzv ölkələrin birinə hücum olarsa, digər üzvlərin hərbi yardımı, müştərək hərbi təlimlər, sülhməramlı əməliyyatlar, müdafiə siyasətinin koordinasiyası.

Yeri gəlmişkən, 1993-cü ildə MDB-yə üzv olan Azərbaycan KTMT-yə qoşulmayıb. Ermənistana gəldikdə isə ölkə Rusiyanın hakim rol oynadığı hərbi blokda yer alsa da, rəsmi İrəvanın son dövrlər təşkilatla münasibətlərdə soyuqluq göstərdiyi məlumdur. Baş nazir Nikol Paşinyan administrasiyası KTMT-nin Ermənistanın maraqlarını qoruya bilməməkdə, ölkənin təhlükəsizlik çağırışlarına qeyri-adekvat yanaşmada ittiham edir.

Əlqərəz, KTMT kimi MDB də təhlükəsizlik məsələlərində mərkəzi rol oynamır. Onun real fəaliyyəti daha çox kibertəhlükəsizlik və informasiya müharibəsinə qarşı əməkdaşlıq, miqrasiya və transmilli cinayətkarlıqla mübarizə, ictimai-siyasi sabitlik və seçki müşahidə missiyaları, yəni demokratik təhlükəsizlik aspekti üzərində cəmləşib. Ümumən, Ukrayna böhranı, Ermənistanın KTMT ilə soyuqluğu, Gürcüstan və Moldovanın təşkilatdan çıxması MDB-nin birlik kimi dayaqlarını zəiflədib.

Digər tərəfdən, sırf Rusiya faktoru üzərində dayanmalıyıq. Məlumdur ki, MDB-nin təhlükəsizlik mexanizmlərinin əsas dayağı bu ölkədir. Geniş yayılmış fikirlər isə Rusiyanın MDB-ni özünün geosiyasi təsir aləti kimi saxlamaq məntiqinə söykənir və bu, üzv dövlətlərin maraqları ilə üst-üstə düşməyən məqamdır.

Nəhayət, belə nəticəyə gəlmək mümkündür ki, MDB təhlükəsizlik məsələlərində strateji təşkilat olmasa da, diplomatik əlaqələndirmə və informasiya təhlükəsizliyi baxımından müəyyən əhəmiyyətini saxlayır.

* * *

Beləliklə, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun da qatıldığı MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII görüşündə çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Cənubi Qafqaz regionunda vəziyyət yaxşılaşma tendensiyasına malikdir. AZƏRTAC-ın xəbərinə görə, Şoyqu sülh prosesinin daha da irəliləməsi üçün “3+3” regional məşvərət formatının işini bərpa etməyin vacibliyindən də söz açıb. “Bununla bağlı mövqeyimiz ondan ibarətdir ki, ilk növbədə, sülh prosesi regional meyarlara əsaslanmalıdır. Bu kontekstdə “3+3” regional məşvərət formatının işini bərpa etmək vacibdir”, - deyən Rusiya rəsmisi əlavə edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyətə malikdir və məsələ barədə üçtərəfli işçi qrupu çərçivəsində razılıq əldə olunub.

Qeyd edək ki, S.Şoyqunun Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla təkbətək təmasının olub-olmadığına dair hansısa məlumat verilməsə də, birincinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü gerçəkləşib. Daha doğrusu, Şoyqu deyib, Qriqoryan eşidib. Məsələn, Şoyqu bildirib ki, Qafqazdakı vəziyyət daimi diqqət tələb edir. Daha doğrusu, Rusiya rəsmisinin “təqvimlərimizi uyğunlaşdırmaq bizim üçün vacibdir. Regionda, bütövlükdə Qafqazda, o cümlədən Cənubi Qafqazda baş verən son hadisələrin hamısı bizim daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir” fikri qarşılığında, A.Qriqoryanın “regiondakı vəziyyətlə bağlı təfərrüatları paylaşmağa hazıram” deməsi və görüş imkanı üçün təşəkkür bildirməsinə dair qısa xəbər var.

* * *

Sonda istər MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII görüşü ilə əlaqədar yayılmış məlumatlardan, istər Şoyqunun toplantıdakı çıxışında vurğuladığı məqamlardan, istərsə də onun A.Qriqoryanla təmas zamanı bildirdiklərindən belə qənaətə gəlmək mümkündür ki, Rusiya Cənubi Qafqaz müstəvisinə baxışını məhz qeyd etdiyimiz “3+3” üzərindən ortaya qoyur. Baxışa gəldikdə, onun hazırda populyarlıq qazanmış regional sülh gündəmindən fərqləndiyini demək mümkündür.

Bəli, Şoyqu Moskvanın bu gündəmə “3+3” regional məşvərət formatı çərçivəsində yanaşdığını bir daha bəyan edir. Başqa sözlə desək, Rusiya üçün ayrıca gündəm var və ölkə həmin gündəmin detallarının müzakirəsini yalnız “3+3” müstəvisində görür. Maraqlıdır ki, Azərbaycan və Ermənistan rəsmilərinin bu yanaşmanı dəstəkləndiyinə dair hansısa məlumat nə indi var, nə də əvvəl olub.

Azərbaycan və Ermənistan regional sülhün bu il avqustun 8-də Vaşinqtonda açıqlanmış parametrlərini rəhbər tutur və məsələ barədə dəfələrlə müxtəlif səviyyələrdə bəyanatlar olub. Bilavasitə Şoyqunun timsalında Rusiyanın regional təhlükəsizlik mövzusunu bağladığı “3+3” regional məşvərət formatına gəlincə, mövcud düzən Azərbaycan və Türkiyə tərəfindən iki il əvvəl irəli sürülmüş təşəbbüsdür. Üstəlik, təşəbbüsə regiona maraqlı tərəflərdən İranın da qoşulduğunu bilirik.

Bir məqamı da vurğulayaq ki, “3+3” vaxtilə meydana çıxanda Rusiya ona sülhü yaradacaq platforma kimi yanaşmır, çalışırdı ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə birbaşa özünün egidası altında olsun. Həmin vaxt Qarabağda separatçı rejim, bütövlükdə Bakı və İrəvan arasında münaqişə məntiqi saxlanılırdı. İndi münaqişə yoxdur, ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Habelə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Barış mühitinin başlıca prinsipləri də aydındır. Deməli, sual yaranır ki, Rusiyada, belə demək mümkünsə, sülh yaradıcılığına baxış nədən ibarətdir? Məsələ mücərrədliyini qoruyur.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
22
1
xalqqazeti.az

2Sources