EN

İrəvanın sammit diplomatiyası: Paşinyan Ərdoğan xətti bölgədə nələri dəyişə bilər?

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Cənubi Qafqazda son aylarda müşahidə edilən proseslər regionda uzun illərdən sonra yaranan nisbi sabitliyin fonunda yeni siyasi dinamika yaradıb.

2020-ci il müharibəsindən və 2023-cü ilin payızında Qarabağda Azərbaycanın suverenliyinin tam bərpasından sonra bölgədə münasibətlərin yeni mərhələyə qədəm qoyduğu açıq şəkildə görünür. İndi diqqət mərkəzində olan əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, kommunikasiya xətlərinin bərpası və regional əməkdaşlıq formatlarının formalaşmasıdır.

Bu kontekstdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət etməsi diqqətçəkən addımdır. Dəvət bir tərəfdən İrəvanın beynəlxalq imicini yumşaltmaq və Qərblə münasibətlərdə çevik mövqe nümayiş etdirmək cəhdi kimi görünür, digər tərəfdən isə uzun illərdir gərgin olan Ankara-İrəvan münasibətlərində “simvolik körpü” rolunu oynaya biləcək diplomatik jest kimi qiymətləndirilir.

Lakin sual yaranır: bu addım real siyasi iradəyə söykənirmi, yoxsa sadəcə Ermənistan rəhbərliyinin regional təcrid vəziyyətindən çıxmaq üçün atdığı taktiki gedişdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Amid Əliyev bildirib ki, son günlər bölgədə Azərbaycanla Ermənistan arasında qarşılıqlı nəqliyyat və institusional yaxınlaşmalar müşahidə olunur:

“Belə ki, ilk olaraq Azərbaycanın təşəbbüsü ilə 30 ilə yaxın davam edən nəqliyyat embarqosu aradan qaldırıldı və Qazaxıstan taxılı birbaşa Ermənistana çatdırıldı. Ardınca isə Ermənistan, Azərbaycana məxsus yüklərin birbaşa Türkiyəyə daşınmasına şərait yaratdı. Bununla yanaşı, Azərbaycan ictimaiyyətinin nümayəndələri İrəvana səfər edərək müxtəlif səviyyəli görüşlər keçirdilər. Hazırda isə Ermənistandan da analoji nümayəndə heyətinin Azərbaycana səfər edəcəyi ehtimal olunur. Qeyd olunan faktlar bölgədə sülhə və əməkdaşlığa əsaslanan siyasətin mərhələli şəkildə reallaşmasının açıq nümunəsi kimi dəyərləndirilə bilər”.

Amid Əliyev: Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması hərtərəfli fayda vəd edir

Həmsöhbətimiz əlavə edib ki, Ermənistan tərəfi 2026-cı ilin yayında keçiriləcək Avropa Siyasi Sammitinə Azərbaycan və Türkiyənin dəvət olunmasını təklif edib. Baş nazir Nikol Paşinyan bir neçə çıxışında bu barədə danışaraq, təhlükəsizliyin ən yüksək səviyyədə təmin ediləcəyini qeyd edib:

“Bununla belə, Azərbaycan tərəfi məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib: sülh sazişi imzalanmadan belə səfərlərin və görüşlərin baş tutmasının real görünmədiyi bildirilib. Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması hərtərəfli fayda vəd edir. Lakin unutmamaq lazımdır ki, bu kimi məsələlərdə Türkiyə hər zaman Azərbaycanın milli maraqlarına tam uyğun siyasi addımlar atıb və bundan sonra da bu xətti davam etdirəcək”.

Onun sözlərinə görə, bu baxımdan Türkiyənin və Azərbaycanın eyni mövqedən çıxış etməsi tamamilə təbii haldır. Əks halda, tədbirdə bir qonşu ölkənin iştirak edib, digərinin iştirak etməməsi ümumi prosesin balanslı və kompetent xarakter daşımasına mənfi təsir göstərə bilər:

“Eyni zamanda, Paşinyan hər iki qonşu dövlətin liderlərinin sammitdə iştirakını istəyir. Bu, həm Ermənistan daxilində siyasi dividendlər qazanmaq, həm də beynəlxalq aləmdə etimadını artırmaq məqsədi daşıyır. Rəsmi İrəvan Türkiyənin iştirakını arzulasa da, hələlik Ankara bu tədbirdə iştirakını rəsmi olaraq təsdiqləməyib. Gözlənilir ki, bu məsələdə də Azərbaycanın mövqeyi həlledici olacaq və hər bir addım ölkənin milli maraqları və regional strategiyasına uyğun şəkildə atılacaq”.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
bakivaxti.az

1Sources