EN

8 Noyabr Zəfər Günü, Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın müasir tarixində elə günlər var ki, həmin günlər təkcə təqvimdə bir tarix deyil, xalqın yaddaşına əbədi həkk olunan qürur simvoludur. 8 Noyabr – Zəfər Günü məhz belə günlərdəndir. Bu tarix müstəqil dövlətimizin siyasi iradəsinin, xalqın və rəhbərliyin birliyinin, 30 illik ədalət mübarizəsinin qələbə ilə nəticələnməsinin rəmzidir.

44 günlük Vətən müharibəsində əldə edilən Qələbə təsadüfi hadisə deyildi. Bu, illərlə qurulan güclü dövlət idarəçiliyinin, strateji düşüncənin və milli həmrəyliyin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi məktəb – güclü ordu, sabitlik, milli birliyin qorunması və dövlət maraqlarının üstünlüyü prinsiplərinə əsaslanırdı.

Bu ideoloji xəttin davamçısı olan Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, 2003-cü ildən etibarən ölkəmizi regional gücə çevirən siyasət həyata keçirdi. Müstəqil qərarvermə, iqtisadi dayanıqlıq və ordu quruculuğu sahəsində atılan ardıcıl addımlar 2020-ci ildə tarixi Zəfəri mümkün etdi.

27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərini əhatə edən Vətən müharibəsi yalnız hərbi əməliyyatlar silsiləsi deyildi. Bu dövr Azərbaycanın siyasi, mənəvi və strateji yüksəliş mərhələsi idi. Şuşanın azad edilməsi ilə tamamlanan mübarizə nəticəsində həm ərazi bütövlüyümüz bərpa olundu, həm də xalqın tarixi haqqı təmin edildi. Bu Qələbə Cənubi Qafqazda regional nizamın yenidən formalaşmasına səbəb oldu. Azərbaycan bu reallığın əsas müəllifinə və bölgədə sülhün müəyyənedici qüvvəsinə çevrildi.

Zəfər, həm də illərlə ölkəmizə qarşı aparılan ikili standartlı siyasətə verilmiş tarixi cavab idi. Azərbaycan sübut etdi ki, heç bir təzyiq, riyakarlıq və ya separatizmi himayə edən dairə xalqın iradəsi qarşısında dayana bilməz. Prezident İlham Əliyevin qətiyyətli liderliyi illərlə qorunan status-kvonu dağıtdı, ədaləti bərpa etdi və regionda Azərbaycanın milli maraqlarına əsaslanan yeni siyasi düzəni formalaşdırdı. Bu, həm də dövlətin prinsipial mövqeyinin – heç kimə borclu olmayan, suveren və qalib Azərbaycanın təntənəsidir.

Qələbədən sonra Azərbaycan bərpa və inkişaf mərhələsinə qədəm qoydu. Azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı, şəhərsalma layihələri və ağıllı kənd modelləri müasir dövlətçiliyimizin yeni mərhələsini formalaşdırır. Bu prosesin mərkəzində Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi strateji xətt dayanır. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər yalnız fiziki yenidənqurma deyil, həm də milli ruhun və kimliyin bərpasıdır. Yeni Azərbaycan Partiyası bu siyasətin ideoloji dayağı kimi fəaliyyət göstərir. Partiya strukturları azad torpaqlarda aparılan layihələrə dəstək verir, şəhid ailələri və qazilər üçün sosial proqramları həyata keçirir.

Zəfər Günü həm də xalqın və rəhbərliyin vahid iradəsinin təntənəsidir. 2020-ci ildə “Qarabağ Azərbaycandır!” çağırışı milli ideologiyaya çevrildi və xalqın birliyini möhkəmləndirdi. Bu gün həmin ruh Azərbaycan gəncliyinin formalaşmasında, dövlətə və milli dəyərlərə sədaqətdə öz əksini tapır. YAP bu ideoloji istiqamətin daşıyıcısı olaraq gəncləri dövlətçilik missiyasına səfərbər edir.

Qarabağın azadlığı ilə Azərbaycan tarixi ədaləti təmin etməklə yanaşı, beynəlxalq aləmdə nüfuzunu da daha da gücləndirdi. Ölkəmiz bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təşəbbüskarı kimi tanınır. Zəfərin qorunması yalnız hərbi güclə deyil, həm də ideoloji davamlılıqla mümkündür. Yeni Azərbaycan Partiyası bu istiqamətdə milli həmrəyliyin möhkəmlənməsinə, siyasi sabitliyin və dövlətçilik dəyərlərinin qorunmasına xidmət edir.

8 Noyabr – Zəfər Günü, Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Bu Qələbə güclü liderliyin, milli birliyin və xalq iradəsinin təntənəsidir. Ulu Öndər Heydər Əliyevin ideoloji irsi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və xalqın birliyi bu Zəfəri əbədiləşdirdi. Bu gün qalib xalqın, qalib dövlətin inkişafı ardıcıl və məqsədyönlü şəkildə davam edir.

Zəfər Günü – təkcə keçmişin şərəfli xatirəsi deyil, həm də gələcəyə inamın, milli ruhun və müstəqil dövlətçiliyin simvoludur.

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
sesqazeti.az

1Sources