Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan millisi daha iki medal qazanıb.
İdman.Biz xəbər verir ki, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev (100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Usta cüdoçu finalda braziliyalı Joao Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu olub.
M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kq) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.
Hazırda aktivində bir qızıl və dörd bürünc medal olan yığmamız 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq) və Zaur Bağırov (M4, +100 kq) mundialın bürünc medalını qazanıblar.