EN

Üçrəngli bayrağmız milli həmrəyliyin və azərbaycançılıq məfkurəsinin təməlidir



9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, xalqımızın milli kimliyinin, müstəqil dövlətçilik ideyasının və tarixi varisliyinin təntənəsinə həsr olunmuş müqəddəs bir tarixdir. Ulu Öndər Heydər Əliyevin böyük mənalı sözləri ilə desək: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” Məhz bu rəmzə hörmət və ehtiramı əbədiləşdirmək məqsədilə, cənab Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla bu gün ölkədə qeyri-iş günü olan bayram kimi təsis edilmişdir.

Bayrağımızın tarixi 1918-ci il noyabrın 9-dan, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən rəsmən qəbul edildiyi andan başlayır. Üçrəngli bayrağımız milli istiqlal ideologiyasının üç təməl prinsipini – görkəmli mütəfəkkir Əli Bəy Hüseynzadənin düsturunu – özündə ehtiva edir: Türkçülük (mavi), müasirlik (qırmızı) və islamçılıq (yaşıl). Bu rənglər bizim milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

AXC-nin süqutundan sonra repressiyaya məruz qalan bu rəmz, milli dövlətçilik ənənələrinin inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı ilə yenidən ucaldıldı. Hələ Sovet rejiminin mövcud olduğu 1990-cı il noyabrın 17-də, onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında bu üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Ulu Öndər o günləri xatırlayaraq deyirdi: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında… ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.” Bu önəmli təşəbbüs sayəsində Naxçıvan MR Ali Məclisi üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi,” – deyən Ümummilli Liderin qətiyyəti nəticəsində 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti bu bayrağı yenidən rəsmi Dövlət Bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktı ilə isə Azərbaycan Respublikası AXC-nin varisi kimi onun dövlət rəmzlərini tam bərpa etdi.

Dövlət Bayrağı bu gün sadəcə hüquqi rəmz deyil, həm də milli həmrəyliyin və azərbaycançılıq məfkurəsinin başlıca amillərindən biridir. O, millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Dövlət rəmzlərinə hörmət (Konstitusiyanın 75-ci maddəsi) hər bir məsuliyyətli vətəndaşın borcu olaraq qalır. Ulu Öndər Heydər Əliyev bütün xalqı bu rəmz ətrafında birləşməyə çağırırdı: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə… o, bu bayraq altında birləşməlidir.” Möhtərəm Prezident İlham Əliyev də bu rəmzin müasir əhəmiyyətini belə ifadə etmişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.” Məhz bu inam və qətiyyət sayəsində cənab Prezident 2010-cu ildə Bakı Dövlət Bayrağı Meydanının açılışında tarixi bir vəd vermişdi: “Milli Dövlət bayrağımız... Şuşada dalğalanacaqdır.”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər bu vədi reallığa çevirdi. 2020-ci il Vətən müharibəsindən, 2023-cü il antiterror əməliyyatlarından dərhal sonra işğaldan azad edilmiş bütün torpaqlarımızda – Şuşada, Xankəndidə, Xocalıda və digər yaşayış məntəqələrində qalibiyyət rəmzi olan üçrəngli bayrağımız ucaldıldı. Bu, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, xalqın birliyinin və müstəqil dövlətçilik yolunda inamlı addımlarının ən yüksək təzahürüdür. Ulu Öndərin əbədi vəsiyyəti yerinə yetdi: “Bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Dövlət Bayrağı Günü bu tarixi qətiyyəti bir daha təsdiqləyərək, hər bir Azərbaycan vətəndaşını azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə səsləyir.

Qudbiddin Qardaşov,
YAP Zaqatala rayon təşkilatının sədr müavini.




Chosen
58
aia.az

1Sources