EN

FHN Tovuzda mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

"Report"un Qərb bürosu xəbər verir ki, təlimdə FHN Gəncə Regional Mərkəzi ilə Tovuz rayon rəhbərliyi, nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının təmsilçiləri, mülki müdafiə sahəsində cavabdeh şəxslər, digər qurumların əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, rayon Fövqəladə Hallar Komissiyasının, mülki müdafiə idarəetmə orqan və dəstələrinin ehtimal olunan fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Tədbirdə əvvəlcə şərti fövqəladə hal zamanı "əhalinin köçürülməsi" üçün hazırlanmış çadır şəhərciyinə baş çəkilib. Mülki müdafiə dəstələrinə sıra baxışı keçirildikdən sonra təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə təşkil edilib.

Müşavirədə çıxış edən FHN Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Rövşən Nəbiyev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti və mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışıb. O, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Sonra kompleks mülki müdafiə təlimi başlayıb. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı FHN qüvvələri ilə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının təşkili, "yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər" uğurla həyata keçirilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə FHN Gəncə Regional Mərkəzinin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 286 nəfərdən ibarət şəxsi heyəti və 65 ədəd texnikası cəlb edilib.

Uğurla reallaşdırılan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Chosen
27
16
ekologiya.az

10Sources