EN

Qüdrət Həsənquliyev: Ermənistan real addımlar atmağa tələsmir

BAKI, 6 noyabr. TELEQRAF

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Teleqraf müsahibəni təqdim edir:

- Qüdrət bəy, ABŞ-də respublikaçılar Nyu-Yorkda mer seçkilərini, Nyu-Cersi və Virciniyada qubernator seçkilərini uduzdular. Bu nədən xəbər verir və gələn il keçiriləcək aralıq seçkilərində Trampın lideri olduğu Respublikaçılar Partiyası Nümayəndələr Palatasında çoxluğu itirə bilərmi?

- Trampın tarif siyasəti, narkotiklərlə və cinəyatkarlığa qarşı mübarizədə Milli Qvardiyadan istifadə etməsi, icbari tibbi sığorta, immiqrasiya siyasəti ABŞ-nin müttəfiqlərilə münasibətlərində, mərkəzi hökumətlə ştatlar arasında müəyyən gərginlik yaratsa da, geniş anlamda onun gözlədiyi effekti vermədi. Trampın impulsiv və dəyişkən xarakteri, müttəfiq ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etməsi seçicilərdə məyusluq yaratdı. Onun Ukraynaya yardım etməkdən yayınması da diqqətdən yayınmadı və heç də hamı tərəfindən birmənalı qarşılanmadı. Əlbəttə, o bir sıra ölkələr arasında münaqişələrin dərinləşməsinin qarşısını almağı bacardı. Amma ölkə daxilində qütbləşmənin qarşısını almaq üçün uyğun ritorika seçmədi, zəruri addımlar atmadı. Demokratlarla anlaşıb hökumətin maliyyələşdirilməsini təmin etmədi. Əgər sənin Konqresdə kifayət qədər səsin yoxdursa, deməli, rəqiblərlə anlaşmalısan. Bu demokratiyanın əlifbasıdır. Amma aralıq seçkilərə qədər bir il vaxt var. Tramp özünə tənqidi yanaşsa və baş verənlərdən ciddi nəticə çıxarsa, çox şeyi dəyişdirə bilər. O buna qadirdir.

- Demokratlar aralıq seçkiləri udarsa, bu ABŞ-Azərbaycan münasibətlərinə təsir edə bilərmi?

- Mənfi mənada təsir edə bilər. Çünki onlar daha çox ermənipərəstdirlər, həm də bizim Tramp administrasiyası ilə yaxşı münasibətlərimiz var. ABŞ-də isə hər yeni hakimiyyət özünü başqa dövlətin təmsilçisi kimi aparır. Sanki əvvəlki administrasiya zamanı imzalanmış dövlətlərarası sazişlərin onlara aidiyyəti yoxdur. Əksinə, əvvəlki administrasiya ilə münasibətləri yaxşı olan ölkələri sixışdırmağa başlayırlar. Ukrayna nümunəsi göz önündədir. Ona görə hər zaman deyirəm ki, ABŞ ilə nə dost olmalıyıq, nə də düşmən. Əməkdaşlıq edib, müəyyən məsafədə dayanmalıyıq.

- Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl göndərdi, Qazaxıstan da bunu edəcək. Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə isə başlanılmır. Nə etməliyik?

- Azərbaycan Türkiyə, Rusiya və ABŞ ilə ciddi danışıqlar aparmalıdır. Biz həyati əhəmiyyət daşıyan milli maraqlarımızı Ermənistanın daxili siyasətinə bağlamamalıyıq. Ermənistan dəhlizin açılması ilə bağlı təcili qərar qəbul etməsə, Azərbaycan güc tətbiq etməklə dəhlizin keçəcəyi ərazini təmizləməli və sonra ciddi təminat altında 10 noyabr 2020-ci il, yaxud 8 avqust 2025-ci razılaşmalarına uyğun olaraq, ya Rusiyanın, ya da ABŞ-nin nəzarətinə verməlidir. Ermənistan özünə sərf edən formada qonşularla kommunikasiyaların açılmasına nail olmağa çalışır, amma Naxçıvana yolun açılması istiqamətində, gecə-gündüz mənasız danışsa da, real addımlar atmağa tələsmir. Vaşinqton Bəyannaməsindən sonra yolun tikintisinə tezliklə başlanılacağına ümidlər yaransa da, indi hər keçən gün buna daha çox əmin oluruq ki, onlar Vaşinqton Bəyannaməsindən sonra çox arxayınlaşıblar. Azərbaycan Ermənistanın Naxçıvana yolun təcili tikintisinə başlanılması və yaxın gələcəkdə konstitusiyalarını dəyişəcəkləri öhdəliyi ilə sülh sazişinin imzalanmasını təklif edə bilər. Qələbə günündən 5 il keçsə də, Ermənistan bu istiqamətdə hələ heç bir addım atmayıb.

Chosen
9
4
teleqraf.com

5Sources