"Layihə 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir. Layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir".
Modern.az xəbər verir ki, bunu İqtisadiyyat nazirin müavini Anar Axundov Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.
"Dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını – yerli avtomobil istehsalı, gəmiqayırma, neft-qaz sənayesi, dövlət-özəl tərəfdaşlığı, balıqçılıq, kənd təsərrüfatı, ictimai iaşə və əmək bazarını əhatə edir. Bu istiqamətlər üzrə vergi siyasətinin çevikləşdirilməsi və güzəşt mexanizmlərinin tətbiqi iqtisadi aktivliyi artırmaq, ixrac potensialını genişləndirmək və dövlət gəlirlərinin sabitliyini qorumaq məqsədi daşıyır".