EN

Riz Ceyms: “Bakıda qələbəni əldən verməyimizə görə futbolçular günahkardılar”

Londonun “Çelsi” klubunun kapitanı Riz Ceyms Bakıda “Qarabağ”a qarşı keçirilən (2:2) Çempionlar Liqası oyunundan sonra komandasının qələbəni öz səhvləri üzündən əldən verdiyini etiraf edib.

İdman.Biz xəbər verir ki, müdafiəçinin sözlərinə görə, londonlular oyuna çempion səviyyəsində başlasa da, buraxılan səhvlər görüşün nəticəsini müəyyənləşdirib:

“Bəli, bu, məyusedicidir. Bakıya gələndə, əlbəttə, qələbə qazanmaq istəyirdik. Oyuna çox yaxşı başladıq, hesabda önə keçdik və buna görə də qələbəni əldən vermək çox üzücüdür. Qapımıza buraxdığımız qollar bizim baxımımızdan uğursuz idi. Biz penalti verdik, digər qolu isə demək olar ki, özümüz hədiyyə etdik”, - klubun saytına açıqlamasında Ceyms bildirib.

Kapitan vurğulayıb ki, “Çelsi” oyunun həlledici epizodlarına düzgün reaksiya göstərə bilməyib:

“Biz bəzi vəziyyətlərə kifayət qədər yaxşı uyğunlaşa bilmədik, qapımıza buraxdığımız qollar isə öz səhlənkarlığımızın nəticəsi idi. Komanda olaraq bu sahədə mütləq irəliləyiş əldə etməliyik”.

Riz Ceyms əmindir ki, oyunun son dəqiqələri komandaya qələbə gətirə bilərdi:

“Matçı qazanmaq üçün imkanlarımız var idi, amma onlardan istifadə edə bilmədik. Buna görə də bütün günah yalnız öz üzərimizdədir. Üç xal qazana bilməməyimizə görə başqasını deyil, məhz özümüzü qınamalıyıq”.

Kapitan xüsusilə oyunun hesabını açan gənc braziliyalı futbolçu Estevaonu fərqləndirib:

“Estevao inanılmaz futbolçudur, gələcək bütünlüklə onun qarşısındadır. O, hələ çox gəncdir və bizim məsuliyyətimiz ondadır ki, onu yerə endirək, qoruyub inkişafına nəzarət edək ki, sağlamlığını itirməsin. Onun hələ böyük inkişaf yolu var, amma biz onun oyunundan və komandamızda olmasından çox məmnunuq”, – deyə R. Ceyms əlavə edib.

Xatırladaq ki, Çempionlar Liqasının turnir cədvəlində “Qarabağ” və “Çelsi”nin hər birinin aktivində yeddi xal var. Ağdam klubu hazırda 12-ci, londonlular isə 15-ci pillədə qərarlaşıblar. “Qarabağ” növbəti oyununu noyabrın 25-də səfərdə İtaliya çempionu “Napoli”yə qarşı keçirəcək.

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə:
Chosen
30
1
idman.biz

2Sources