EN

Müasir təsirlər ailədə ata obrazını sarsıdırmı?- AÇIQLAMA

Müasir dövrdə atanın ailə içindəki rolu qloballaşma, texnologiyanın inkişafı, gender rollarının dəyişməsi və sosial-iqtisadi amillər səbəbindən dəyişir. Bu dəyişiklik ailə üzvlərinin bir-biri ilə açıq münasibətlər, uşaqların tərbiyəsində daha fəal iştirak və dəstək, eyni zamanda yeni ailə modellərinin formalaşması ilə müşahidə olunur və bu, ailə münasibətlərinə müxtəlif cür təsir edir.Bu barədə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Missiya.Az-a danışıb."Ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır. Bu da təsadüfi deyil. Belə ki, hər birimiz bir ailədə dünyaya göz açmışıq, böyümüşük, boya-başa çatmışıq. Hər birimiz bir atanın, bir ananın övladıyıq. Eyni zamanda, bizim sıralarımızda ailə quran hər bir kəs - həm kişilər, həm də qadınlar ailə qayğısını bölüşür və ailə məsuliyyətini öz üzərində hiss edir".Sosioloqun sözlərinə görə, ataların uşaqlarla daha açıq və keyfiyyətli münasibət qurması, onları müstəqil hərəkət etməyə və ətraf mühiti kəşf etməyə təşviq etməsi uşaqların inkişafına müsbət təsir edir. Son illərdə ailə strukturlarının dəyişməsi, boşanmaların artması, anaların iş həyatında daha çox iştirak etməsi ilə ata və uşağın sağlam ünsiyyət qurması çox vacib hal alıb. İş o yerə çatıb ki, ata ilə uşaq arasında qeyri-adekvat və ya qüsurlu bir əlaqə az qala uşağın bütün həyatına mənfi təsir göstərəcək addımların təməlini qoyur, sağlam münasibət isə bir çox mühüm üstünlükləri təmin edir, məsələn, uşağın özünə güvənməsi, empatiya qurmağı bacarması və daha ictimai həyat sürməsi."Uşaqların şəxsiyyətinin təşəkkülündə ailə ilə münasibətlər mərkəzi yer tutur. Uşaq və yeniyetmələr davamlı olaraq ailə üzvləri ilə qarşılıqlı təsirdə olur, bu təsirin nəticəsində onların şəxsiyyətində dərin kök salan xüsusiyyətlər formalaşır. Ataların uşaqlarla hər yaş mərhələsində davamlı ünsiyyəti və birgə fəaliyyətləri onların hərtərəfli inkişafına ən böyük töhfəni verir. Ailə ilə vaxt keçirmək yalnız uşağın deyil, həm də ailə bağlarının möhkəmlənməsi üçün vacibdir. Ümumilikdə, valideyn-övlad münasibəti uşağın hərtərəfli böyüməsini və inkişafını təmin edir. Bu, onların davranışlarının, şəxsiyyətlərinin və dəyərlərinin əsasını qoyur".Fariz Əkbərov bildirib ki, gender rollarındakı dəyişikliklər atanın ailədəki mövqeyinə yeni məsuliyyət və ya çətinliklər gətirib və müasir dövrdə gender münasibətlərində gedən dəyişikliklər cinslərarası münasibətlərdə mühüm hesab edilən tendensiyaların dəyişməsinin nəticəsidir. Qadınlar və qızlar dünya əhalisinin yarısını təşkil edir, bu isə həm də o deməkdir ki, onlar mövcud potensialın yarısını təşkil edir. Lakin hələ də gender bərabərsizliyi hər yerdə davam edir və sosial tərəqqidə durğunluq yaradır."Başqa sözlə desək gender bərabərliyi davamlı inkişafa nail olmaq üçün vacib şərtlərdən biridir. Sübut olunmuşdur ki, qadınların səlahiyyətlərinin artırılması məhsuldarlığa və iqtisadi artıma əhəmiyyətli dərəcədə təsir edir. Lakin, unutmayaq ki, ən başlıca səbəb gender bərabərliyinin fundamental insan hüququ olmasıdır. Cəmiyyətdə kişi və ya qadın olmaq anatomik xüsusiyyətlərə sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender rolunu icra etmək deməkdir. Gender rolları dedikdə cəmiyyətin kişilər, qadınlar, oğlanlar və qızlar üçün uyğun hesab etdiyi davranışlar, vəzifələr və məsuliyyətlər nəzərdə tutulur. Nəticədə cəmiyyətdə qadın və kişilərin sosial rolları əhəmiyyət kəsb etmiş və onların cəmiyyətdəki rolunu müəyyən etmiş olur. Bəzən hətta gender rolları normalaşdırılmış və gündəlik həyatda əksinə daha da gücləndirilmiş olur".

İlahə QənbərliMissiya.Az

Chosen
12
1
missiya.az

2Sources