EN

“Gələn il büdcə sosial rifahın təminatına və iqtisadi inkişafın davamına imkan verəcək” - Musa Quliyev

“Bu gün biz 2026-cı ilin büdcə zərfi ilə bağlı hökumət tərəfindən təqdim olunan məlumatları dinlədik. Təhlil göstərir ki, hazırlanmış büdcə ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, beynəlxalq çağırışlar və dövlət siyasətinin məqsədləri nəzərə alınmaqla formalaşdırılıb. Bu büdcə gələn ildə Azərbaycan vətəndaşının sosial rifahını təmin etməyə və iqtisadi inkişafın davam etməsinə imkan verəcək”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev komitə iclasında bildirib.

Deputat vurğulayıb ki, büdcənin əsas prioritetlərindən biri ölkənin müdafiə imkanlarının gücləndirilməsidir və bu istiqamətə kifayət qədər vəsait ayrılması təbiidir. Eyni zamanda, büdcə sosial yönümlü olaraq hazırlanıb; gələn il sosial xərclərin ümumi büdcədə payı 41%-ə yaxın olacaq və təxminən 17 milyard manat sosial sahəyə yönələcək.

Musa Quliyev qeyd edib ki, Qarabağın və Şərq bölgələrinin bərpası, məcburi köçkünlərin öz torpaqlarına qaytarılması da prioritetlərdəndir və bu sahələrə büdcə dəstəyinin artırılması zəruridir. Deputat bildirib ki, sosial təminat sahəsinə ayrılan vəsait artdıqca vətəndaşların həyat səviyyəsi yüksəlir, pensiya və dövlət yardımları isə vaxtında ödənilir.

O həmçinin icbari tibbi sığortanın tətbiqinin səhiyyə xidmətlərinə əlçatanlığı artırdığını vurğulayıb və xərclərin səmərəli və ünvanlı şəkildə istifadəsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, yalnız dövlətin deyil, həm də özəl sektorun bu sahələrə dəstək verməsi problemlərin daha sürətli və effektiv həllinə imkan yaradacaq.

Chosen
13
sia.az

1Sources