EN

“Tanınmış adamların, bu cür nümunələrin artmasına vəsilə olması...”

Masallı rayonunun Hacıtəpə kəndində deputat Razi Nurullayev təklifi və təşəbbüsü ilə yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Bildirilir ki, bu qərar deputatın köməkçisi və yaxın qohumu Murad Alışovun yas mərasimində baş tutub. 

Məsələylə bağlı Adalet.az-a danışan ilahiyyatçı Tural İrdan bildirib ki, dəbdəbəli yas mərasimlərinin ləğv edilməsi barədə uzun illərdir təbliğat və maariflənmə aparırıq.

İlahiyyatçının sözlərinə görə, insanlar isə çox zaman təbliğat və sözə deyil, əmələ, nümunəyə diqqət yetirir:

“Yəni, yüz dəfə deməkdənsə bir dəfə göstərmək daha çox effekt verir. Artıq bir çox rayonlarda təmtəraqlı, israfçı yas mərasimləri yığışdırılıb. O cümlədən Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin yaxın qohumu, köməkçisi Murad Alışovun Masallı rayonu, Hacıtəpə kəndində keçirlən yas mərasimində də bu nümunə göstərildi. Deputatın təklif və təşəbbüsü ilə, din xadimlərinin, kənd ağsaqqallarının da dəstəyi ilə dəbdəbəli yas məsələsi məqbul görülmədi və qərara gəlindi ki, ən doğru olan yol budur və belə də davam etməlidir. Təbii ki, yas mərasimində israfçılığa yol vermək doğru deyil”. 

T.İrfan deyib ki, üzdə olan tanınmış adamların, deputatların da bu cür nümunələrin artmasına vəsilə olması ümumi işin xeyrinədir və yanlış adət halını almış dəbdəbəli, israfçı yas məclislərinin ləğvini sürətləndirir:

“İndi yaxşı olar ki, rayonun bütün yerlərində, bütün digər kəndlərdə də Hacıtəpə kəndində baş tutan sadə yas məclisi nümunəsi tətbiq olunsun. Bunun üçün də inanıram ki, rayonun ziyalıları, ağsaqqalları, din xadimləri təşəbbüs göstərəcəklər. Yas məclisi sadə olmalıdır. Əsas hədəf yemək və aidiyyəti olmayan söhbətlər, dünyəvi müzakirələr edilməməlidir. Aidiyyəti üzrə, mərhumun ruhuna dualar edilməli, Müqəddəs Kitabdan qiraət edilib camaata tərcümə olunmalı, ən əsası isə vəfat edən şəxsin haqqında xoş xatirələr söylənməlidir. Çünki hədislərdə də deyilir ki, ölülərin yaxşı əməllərini danışın”.

Vasif ƏLİHÜSEYN

Chosen
19
1
adalet.az

2Sources