Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədinə - torpaqların işğaldan azad edilməsinə nail olunduğunu bəyan edib.
"Report"un məlumatına görə, Azərbaycan Prezidenti Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinlərinin daxil olduğu NATO nümayəndə heyəti ilə görüşdə Azərbaycan ordusunun müasiriləşdirilməsi prosesinin bundan sonra da davam edəcəyini deyib.
Prezident İlham Əliyev NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, Azərbaycanla alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.
Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda Azərbaycanla alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.