EN

Qalatasarayın xəzinəsi doldu-daşdı: "Ayaks" oyunu ilə birlikdə nəhəng gəlir

UEFA Çempionlar Liqasının dördüncü turunda Türkiyə təmsilçisi "Qalatasaray"  “Ayaks” klubunu səfərdə 3:0 hesabı ilə məğlub edib.

Sherg.az xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən qarşılaşmaya "sarı-qırmızılılar" təsirli başladı. Qonaq komanda xüsusilə cinah ötürmələri və standart vəziyyətlərdən Viktor Osimheni topla təmin etməyə çalışıb. “Ayaks”ın təcrübəli qapıçısı Remko Pasveer isə göstərdiyi uğurlu qurtarışlarla nigeriyalı hücumçuya qol imkanı verməyib. Qarşılaşmanın ilk 35 dəqiqəsində hücumda səmərəsiz çıxış edən “Ayaks” sonradan tapdığı əks-hücum imkanlarını da dəyərləndirə bilməyib. İlk hissə 0:0 hesabı ilə başa çatıb.

"Sarı-qırmızılı" komanda ikinci hissəyə daha inamlı başlayıb. "Qalatasaray" 60-cı dəqiqədə nigeriyalı hücumçusu Viktor Osimhenin baş zərbəsi ilə önə keçib. Daha sonra Osimhen 66 və 78-ci dəqiqələrdə penaltidən vurduğu qollarla het-trik edib və matçın yekun nəticəsini müəyyənləşdirib – 3:0.

Bu nəticə ilə "Qalatasaray" UEFA Çempionlar Liqasında xallarını 9-a çatdırıb.

"Qalatasaray", “Ayaks” üzərindəki qələbə sayəsində 2 milyon 100 min avro qazanıb. Son üç oyununda qalib gələn "sarı-qırmızılılar" yalnız bu nəticələrdən ümumilikdə 6 milyon 300 min avro uğur mükafatı əldə ediblər.

"Qalatasaray", Çempionlar Liqasına qatıldığı üçün “ayaqbasdı” pulu olaraq əvvəlcədən 25 milyon 991 min avro əldə etmişdi. Bununla birlikdə "sarı-qırmızılı" klub bu mövsüm Çempionlar Liqasından ümumilikdə 32 milyon 291 min avro gəlir əldə edib.

Turan
Chosen
133
2
sherg.az

3Sources