Azərbaycanın son onilliklərdəki ən qalmaqallı siyasi fiqurlarından biri olan Ramiz Mehdiyev haqqında istintaq materialları və ictimai müzakirələr onun milyardlıq sərvət imperiyasının miqyası barədə ciddi suallar doğurur.
"Cebheinfo.az" Müsavat.com-a istinadən xəbər verir ki, Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi – Cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma maddəsi ilə ittiham verilməsi də təsadüfi deyil. 20 ildən artıq Prezident Administrasiyasına rəhbərlik etmiş, dövlətin bütün mühüm qərar mexanizmlərinə təsir imkanına malik olan Mehdiyevin bu dövrdə topladığı sərvətin həcmi, sadəcə, şəxsi deyil, həm də klan səviyyəsində bir iqtisadi şəbəkə yarandığını göstərir. 1990-cı illərin sonlarından başlayaraq Mehdiyev Azərbaycan dövlət aparatında ideoloji və inzibati nəzarətin əsas mərkəzinə çevrilmişdi. Onun kurasiyasında formalaşan elmi-texnokrat kadrlar, illər keçdikcə icra hakimiyyətlərindən tutmuş dövlət şirkətlərinə qədər müxtəlif strukturlarda əsas mövqeləri ələ keçirdilər.
Mənbələrin təxminlərinə görə, Mehdiyev ailəsinin və ona yaxın məmurların əmlak portfelinin ümumi dəyəri 3-5 milyard dollar aralığında ola bilər. Bu məbləğ təkcə daşınmaz əmlak və müəssisələrdən ibarət deyil, həm də xarici banklarda və “kağız üzərində” şirkətlərdə saxlanılan aktivləri əhatə edir. Ramiz Mehdiyevin rəhbərlik etdiyi illərdə Prezident Administrasiyasına yaxın onlarla icra başçısı, rektor, elmi institut direktoru və dövlət şirkəti rəhbəri onun kadrı idi və hər ay onunla hesablaşırdı. Onlardan bəziləri artıq istintaqa cəlb olunub, digərlərinin də cəlb olunacağı gün uzaqda deyil.
Mehdiyevə qarşı irəli sürülən ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına daxildir və hər biri üzrə nəzərdə tutulan sanksiyalar uzun illər həbs cəzasını nəzərdə tutur.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi - Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdir. Yəni, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn hərəkətlərdən söhbət gedir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalandırılır. Bu maddə üzrə ən ağır sanksiya ömürlük həbsdir.
Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanət adlanır. Azərbaycan Respublikasının suverenliyinə, ərazi toxunulmazlığına, müdafiə qabiliyyətinə və ya dövlət təhlükəsizliyinə zərər vurmaq məqsədilə düşmən tərəfə keçmə, casusluq etmə və ya digər yardımlar göstərmə kimi cinayətləri ehtiva edir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddə də ən yüksək kateqoriyalı, xüsusilə ağır dövlət cinayətidir.
Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma adlanır. 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə və əlavə olaraq əmlakın müsadirəsi və ya vəzifə tutma hüququndan məhrumetmə ilə cəzalandırılır.
Əgər ittihamlar bütün maddələr üzrə sübuta yetirilərsə, məhkəmə cəzalardan birini qismən və ya tam şəkildə birləşdirilmiş qaydada təyin edə bilər. Bu halda Ramiz Mehdiyevi ümumilikdə 20 ildən az olmayaraq, real azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyə bilər.
"Cebheinfo.az"