EN

Azərbaycanda daha bir yol ödənişli olacaq

“Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq”.

Gundem.az xəbər verirki, bunu “Report”a açıqlamasında Avtomobil Yolları Nəzarət Firmasının mütəxəssisi Ziyyəddin Həsənov deyib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır: “Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək”.

Z.Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz-Cəbrayıl-Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.

“Alternativ yol hazırda tam istifadədədir və sürücülər üçün heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə birinci texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək”, - deyə Həsənov vurğulayıb.

Qeyd edək ki, Horadiz-Zəngilan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, daha öncə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsi də ödənişli yol kimi müəyyən edilmişdi.

Chosen
12
35
gundem.az

10Sources