EN

Suat Kolukırık: Azərbaycan Türkiyə əməkdaşlığı mədəni və sosial sahələrdə daha da gücləndirilməlidir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasındakı siyasi və iqtisadi əməkdaşlıq mədəni və sosial sahələrdə həyata keçiriləcək yeni layihələrlə daha da gücləndirilməli və dərinləşdirilməlidir. Bu, bölgədə sülh və rifahın təmin olunmasına töhfə verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Akdeniz Universitetinin Sosiologiya fakültəsinin müəllimi Suat Kolukırık söyləyib. O, diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan gəncləri bir-birinə qardaş kimi baxır, lakin bu münasibət yalnız emosional səviyyədə qalmamalıdır: “Gənclərin real həyatda və rəqəmsal platformalarda qarşılıqlı əlaqəsini artıracaq layihələr hazırlanmalıdır. Gənclər üçün ortaq siyasət, tədbirlər və könüllülük proqramları daha da inkişaf etdirilməli, gənc liderlər və sahibkarların tanıdılması dəstəklənməlidir.

Bu çərçivədə yeni ortaq hakatonlar, startap yarışmaları, mədəni düşərgələr, sosial media vasitəsilə ortaq kontent istehsalı, qısa filmlər, vloq və podkast layihələrinin hazırlanması tövsiyə olunub. Universitetlərarası əməkdaşlıq anlaşmaları simvolik olmamalı, real layihələr və bilik-təcrübə mübadiləsi ilə həyata keçirilməlidir”.

Müsahibimiz əlavə edib ki, ortaq akademik tədqiqatlar üçün yeni fondlar yaradılmalı, akademik və tələbə mübadiləsi, ikili diplom proqramları artırılmalı, dövlət təqaüdləri ilə yanaşı özəl sektor tərəfindən də təqaüdlər verilməli və ortaq tədqiqat mərkəzləri qurulmalıdır.

Akdeniz Universitetinin müəllimi bildirib ki, Azərbaycan və Türkiyə mediası adətən siyasi həmrəyliyi ön plana çıxarır, lakin sosial və mədəni həmrəylik məsələlərinə də diqqət yetirilməlidir. Birgə film, serial və sənədli layihələrin sayı artırılması, dil və kommunikasiya fərqlərini aradan qaldıracaq tədbirlər, Azərbaycan-türk qarışıq altyazı sistemi, ortaq xəbər paylaşım platformalarının yaradılması, uşaqlar üçün ortaq cizgi filmləri, animasiya və hekayə kitablarının hazırlanması önəmli addımlardandır.

S.Kolukırık vurğulayıb ki, mədəni əməkdaşlıq hazırda daha çox tarixi mövzular üzərində qurulub, lakin “bu gün və gələcək” mövzularına fokuslanmaq vacibdir. Modern incəsənət, teatr və kino sahələrində ortaq layihələrin sayı artırılmalı, birgə musiqi festivalları və film həftələri təşkil edilməli, gənc sənət adamlarına qarşılıqlı təqaüdlər verilməlidir. Beləliklə, Azərbaycan ilə Türkiyə arasındakı güclü tarixi və mədəni əlaqələr gündəlik həyat, gənclik və sosial siyasət sahələrində də möhkəmləndirilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
azertag.az

2Sources