EN

Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.

Bununla əlaqədar olaraq, AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb.

Agentlik hazırda ölkə üzrə nəzarəti gücləndirib, qanunvericiliyin tələblərini pozanlarla bağlı inzibati tədbirlər görülür.

Maraqlıdır, paytaxtdakı restoralara mənşəyi məlum olmayan ətlər necə gəlib çıxır? Bəs bu ətlər hansı heyvanların ətirdir? Hazırda mal əti ilə bağlı ölkədə qıtlıq və bahalıq yaşandığı üçün mənşəyi məlum olmayan ətlər sallaqxanalardan gətirilərək mal əti adı altında ictimai iaşə müəssisələrinə satılır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məhz bu suallara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aydınlıq gətirməlidir:

“Məhz AQTA-nın apardığı bu işlər çox zəruri olsa da, lakin kafi deyil. Zəruridir ona görə ki, ictimai iaşə müəssisələrində də müəyyən işlər aparılmalıdır, qida təhlükəsizliyi təmin olunmalıdır. Ona görə kafi deyil ki, istehlakçılar mənə zəng vurub soruşurlar ki, bu nəzarət harada, hansı restoranda aparılıb? Hansı məhsul aşkarlanıb? “Mənşəyi məlum olmayan” ifadəsində nəyin nəzərdə tutulduğunu AQTA aydınlıq gətirməlidir”.

Eyyub Hüseynov qeyd edib ki, AQTA yenidən əvvəlki, qapalı modelə qayıdır:

“Uzun illər AQTA bu kimi əhəmiyyətli işlər aparanda konkret yerlərin və məhsulların adını açıqlamırdı. Bir müddədən sonra müəyyə tənqidlərdən nəticə çıxaran AQTA monitorinqlər zamanı həm müəssisələrin, həm də məhsulların adını dəqiq açıqlanmağa başladı. Görünür, AQTA təkrar əvvəlki modelə qayıdır.

Yəni istehlakçı isə ümumi sözlər yox, dəqiq restoranın, şadlıq evinin və məhsulun adı lazımdır. İstehlakçılar istəyir ki, AQTA daha şəffaf fəaliyyət göstərsin və bunları desin. Təəssüf ki, bu halı indi görmürük.

Bəli, AQTA-nın apardığı tədbirlər çox zəruri məsələlərdir. Amma paralel olaraq gərək cəmiyyət, insanlarımız da AQTA-ya kömək etsinlər. Anormal hal, şübhəli məhsul ilə rastlaşdıqda, 1003 “Qaynar xətti” ilə AQTA-ya məlumat vermələrini tövsiyə edirəm”.

O bildirib ki, hazırda qeyri-ənənəvi heyvan ətlərinin satışının qadağan olunmaması da ciddi boşluq olaraq qalır:

“Təəssüflər olsun, hazırda ölkədə heç bir heyvan ətinin satışına qadağa yoxdur. Biz dəfələrlə qeyd etmişik ki, ənənəvi olmayan heyvan ətlərinin satışı qadağan edilməlidir. Qanunvericilik sadəcə tələb edir ki, məhsulun adını yaz və istehlakçını aldatma. Hazırda mənşəyi məlum olmayan ətlər anlayışını AQTA aça bilər”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

Eyyub Hüseynov AQTA ət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
cebheinfo.az

3Sources