Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Astana, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Qazaxıstan paytaxtında Türk Xəbər Agentlikləri Alyansının (ATNA) II Baş Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas “Qazcontent” agentliyinin platformasında təşkil olunub. Onun işində AZƏRTAC (Azərbaycan), “Anadolu” (Türkiyə), “Qazcontent” (Qazaxıstan), “Kabar” (Qırğızıstan), UzA (Özbəkistan), həmçinin MTI (Macarıstan) informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Alyansın baş katibi Elşən Şahbalayev iclasın gündəliyini elan edib.
Tədbir zamanı Alyansın loqosu təsdiqlənib, rəsmi veb-saytı təqdim edilib, sosial media səhifələri istifadəyə verilib və 2025-2027-ci illər üçün yeni müddətə rəhbərliyi seçilib. İkiillik sədrlik rəsmi olaraq Türkiyədən Qazaxıstana keçib və Alyansa “Qazcontent” SC rəhbərlik edəcək. “Anadolu” agentliyi və AZƏRTAC Alyansın vitse-prezidentləri olub. Macarıstanın MTI agentliyinin ATNA-ya müşahidəçi qismində qəbul edilməsi təsdiqlənib.
İştirakçılar türk ölkələrində turizm mövzusunda foto və video müsabiqələr keçirmək qərarına gəliblər.
ATNA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi qərara alınıb.
“Anadolu”nun sədr müavini və baş redaktoru Yusuf Özhan qeyd edib ki, agentlik son iki ildə Alyansa rəhbərlik etməkdən şərəf duyur.
“Bu dövrdə üzv agentliklərimiz arasında əlaqələrin gücləndirilməsində və jurnalistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli irəliləyişlərin şahidi olduq. Gələcəyə baxaraq, ATNA-nın böyüməyə davam edəcəyinə, daha çox üzv və müşahidəçini bir araya gətirəcəyinə və media icmamızı birləşdirən əlaqələri daha da gücləndirəcəyinə əminik”, - deyə o bildirib.
Tədbirdə çıxış edən AZƏRTAC-ın texniki inkişaf üzrə direktoru Fuad Qədilli Alyansın əsas məqsədlərindən birinin Türk dünyasının beynəlxalq səviyyədə dəqiq təmsil edilməsini təmin etmək olduğunu vurğulayıb.
O qeyd edib: “Təəssüf ki, qlobal media orqanlarında tez-tez təhriflər, qərəzli qiymətləndirmələr və açıq dezinformasiya kampaniyaları olur. Biz bu hallara qarşı peşəkarcasına - emosional deyil, faktlarla, keyfiyyətli jurnalistika və beynəlxalq standartlarla mübarizə aparmalıyıq”.
“Qazcontent” SC İdarə Heyətinin sədri Ayna Zadabek növbəti iki il ərzində yeni təşəbbüslər, təlim sessiyaları, təcrübə mübadiləsi və yaradıcı müsabiqələr həyata keçirmək planlarını açıqlayıb.
O, rəhbərlik etdiyi quruma göstərilən etimada görə minnətdarlığını bildirərək və son iki ildəki fəaliyyətinə görə “Anadolu” agentliyinə təşəkkür edərək bildirib: “Layihələrimizi birlikdə həyata keçirməyə davam edəcəyik”.
“Kabar” agentliyinin şöbə müdiri Nurjan Kasmaliyeva qeyd edib ki, Alyans türk mediasının vahid və etibarlı səsi platformasına çevrilməli, koordinasiyanı təmin etməli və informasiya məkanını gücləndirməlidir.
Qırğız agentliyinin nümayəndəsi bildirib: “ATNA dezinformasiyaya qarşı mübarizədə və cəmiyyətlərimiz arasında etimadın qurulmasında əsas rol oynaya bilər”.
MTI-nin məzmun üzrə direktoru İstvan Zoltan Tor qeyd edib ki, bu gün rəqəmsal dövr sayəsində ölkələr əməkdaşlıq üçün daha böyük imkanlara malikdir. “Xəbər agentliklərimizin vəzifələri məlumat toplamaq və ötürmək, faktları yoxlamaq və saxta xəbərləri aradan qaldırmaqdır”, - deyə o əlavə edib.
Tədbirdə UzA-nın baş redaktoru Javlonbek Əzizov da çıxış edərək ATNA-nın qısa müddət ərzində əhəmiyyətli nəticələr əldə etdiyini vurğulayıb. O, agentliklərin yaradıcı və texnoloji əlaqələri gücləndirmək üçün daha böyük potensiala malik olduğunu qeyd edib.
Özbəkistan agentliyinin baş redaktoru bugünkü görüşün Alyansın inkişafında yeni bir mərhələ olacağına və birgə səylərin türk dövlətlərinin səsini beynəlxalq arenada daha da təsirli edəcəyinə əminliyini bildirib.
Forum ATNA-nın II Baş Assambleyası tərəfindən qarşıdakı illər üçün əsas əməkdaşlıq sahələrini müəyyən edən Birgə Bəyannamənin qəbul edilməsi ilə başa çatıb.
Xatırladaq ki, ATNA 2023-cü il noyabrın 6-da türk ölkələrinin milli xəbər agentlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.