EN

Eyni anda həm nüvə sınaqları, həm denuklearizasiya planı... Nəticə nə olacaq?

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Bu addımlar heç bir nəticə verməyəcək. Hər iki tərəf sadəcə olaraq söz oyunu oynayır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya lideri Vladimir Putinin nüvə silahları ilə dünyaya meydan oxuduğu bir məqamda onun amerikalı həmkarı Donald Trampın bəyan etdiyi Vaşinqton, Moskva və Pekin arasında denuklearizasiya planı üzərində işləmək istəyini şərh edərkən deyib. 

"Ötən gün ABŞ prezidenti Tramp nüvə başlıqlı silahlara görə lider ölkə olduqlarını bəyan etdi. Onun bu açıqlaması əsasən də Rusiyaya ünvanlanıb. Belədə Tramp həmin açıqlama ilə bir növ Rusiyanı nüvə silahlanmasına getməyə həvəsləndirib. Çünki ABŞ nüvə başlıqlı silah üzrə dünya lideridirsə, Rusiya da öz növbəsində ən azından pariteti saxlamaq üçün həmin istiqamətdə müəyyən işlər görməli olacaq”, deyə Üzeyir Cəfərov bildirib.

Həmsöhbətimiz mövcud gedişaata əsasən düşünür ki, sözügedən proses dayanmayacaq, əksinə yeni sürət götürüb: 

"Çətin olsa da belə, Rusiya nüvə başlıqlı silahlar üzrə yarışmanı davam etdirəcək. Ona görə də "bu xəmir hələ çox su aparacaq”. Yaxın zamanlarda ABŞ-la Rusiya və Çin arasında denuklearizasiya planı üzrə işlər ətrafında hansısa nəticənin əldə olunacağını düşünmürəm. Bu məsələdə tərəflər sadəcə söz oyunu oynayır və burada da məqsəd özlərinin silah satışlarını daha da gücləndirməkdir”.   

Mövcud məsələdə ekspertə görə, ən ağıllı oyunu Çin oynayır:

"Pekinin oynadığı oyunlar hamını məəttəl qoyur. Bu ölkə heç bir yerdə görünmür. Amma eyni zamanda öz işini də görür”. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ, Rusiya və Çin arasında denuklearizasiya planı üzərində işləmək istədiyini bəyan edib. Lakin bununla yanaşı, Tramp məsələ ilə bağlı konkret detalları açıqlamayıb.

Tramp bildirib ki, ABŞ öz nüvə proqramını yeniləyib. O, Birləşmiş Ştatları "nüvə sahəsində bir nömrəli dövlət” adlandırıb və əlavə edib ki, "bunu etiraf etmək xoş deyil, çünki bu, dəhşətlidir”.

"Rusiya ikinci yerdədir. Çin üçüncü yerdədir, amma dörd-beş ilə bizi çatacaq. Biz, bəlkə də, üçümüzün denuklearizasiya planı üzərində işləyirik. Görək, bu işə yarayacaqmı”, deyə o qeyd edib.

Xatırladaq ki, Rusiyanın "Burevestnik” nüvə raketlərini sınaqdan keçirməsindən sonra oktyabrın sonunda ABŞ prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarının dərhal bərpası barədə göstəriş verib.  Dünən isə Kreml rəhbəri Vladimir Putin ABŞ-ın bu sahədə nə edəcəyi müəyyənləşəndən sonra nüvə silahının mümkün sınaqlarına hazırlığa başlamağı tapşırıb.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
qaynarinfo.az

1Sources