EN

Azərbaycanda repetitorluq ləğv edilir?

Son illərdə repetitorluq (əlavə dərs məşğələləri) məsələsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində ciddi müzakirə mövzusuna çevrilib.

Milli Məclisin keçirilən plenar iclaslarının birində “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycanda repetitorluqla bağlı təkliflər hazırlandığını bildirib.

Sözügedən təklif bir sıra hallarda cəmiyyətdə repetitorluq fəaliyyətinin tamamilə ləğv olunmasına dair qeyri-müəyyən fikirlər yaradıb.

Qeyd edək ki, bu ilin əvvəlində elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, repetitorluğun birdən-birə ləğvi mümkün deyil. O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil: "Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə repetitorluğun tənzimlənməsi məsələsinin gündəmə gəlməsi tamamilə başadüşüləndir:

“Dünya təcrübəsinə baxsaq, bir çox ölkə bu problemi sadəcə “qadağalarla” deyil, sistemli yanaşmalarla həll etməyə çalışıb. Məsələn, Çin 2021-ci ildə “Double Reduction” adlı siyasət qəbul edərək məktəbdənkənar tədris yüklərini azaltmağa və repetitor bazarını tənzimləməyə çalışdı. Məqsəd uşaqların həddindən artıq yüklənməsinin qarşısını almaq idi. Amma praktika göstərdi ki, sadəcə məhdudiyyət qoymaq kifayət etmir — ailələr bu dəfə eyni prosesi gizli və daha bahalı yollarla davam etdirdilər. Cənubi Koreyada da oxşar təcrübə yaşanıb: orada “hagwon” adlanan xüsusi dərs mərkəzlərinin fəaliyyəti dövlət tərəfindən saat və mövzu baxımından ciddi şəkildə tənzimlənir, lakin rəqabətli təhsil mühitində repetitorluq yenə də tam aradan qalmayıb”.

Müsahibimizin sözlərinə görə, bütün bu təcrübələr göstərir ki, problem təkcə repetitorluqda deyil, məktəb təhsilinin keyfiyyətində, şagirdlərə fərdi yanaşma imkanlarının məhdudluğunda və müəllimin yük balansında gizlənir:

“Yəni əgər məktəbdə keyfiyyətli dərs prosesi, peşəkar və motivasiyalı müəllim, həmçinin fərdi dəstək sistemi varsa, şagirdin repetitorluğa ehtiyacı azalır. Bu mənada təhsil siyasəti qadağa deyil, alternativ yaratmaq üzərində qurulmalıdır.

Azərbaycan üçün bu məsələdə bir neçə istiqamət düşünülə bilər. İlk növbədə, repetitorluq fəaliyyətinin şəffaflığı və etik çərçivəsi müəyyənləşməlidir. Məsələn, müəllim öz dərs dediyi sinifdən olan şagirdlərlə repetitorluq etməməli, əgər edirsə, bu barədə açıq şəkildə məlumat verilməlidir. Eyni zamanda repetitor kursları və fərdi müəllimlər müəyyən lisenziya və qeydiyyat sistemi ilə işləməlidirlər. Bu, həm keyfiyyətin, həm də məsuliyyətin təminatı baxımından vacibdir”.

G.Əkbərova həmçinin vurğulayıb ki, digər tərəfdən, sosial bərabərliyi qorumaq üçün dövlət məktəblərində pulsuz fənn klubları, əlavə hazırlıq proqramları və ya mentor-müəllim dəstəyi modelləri tətbiq oluna bilər:

“Belə yanaşma ilə həm repetitorluqdan asılılıq azalacaq, həm də daha çox şagird eyni imkanlardan yararlanacaq. Bununla yanaşı, müəllimlərin professional inkişafı, metodiki dəstəyi və motivasiyası da artırılmalıdır ki, əsas tədris prosesi məktəbdə daha effektiv olsun.

Burada diqqət çəkən digər bir yenilik isə son vaxtlar bəzi ölkələrdə tətbiq olunan “müəllimin dərs saatı yox, iş saatı” modeli ola bilər. Yəni müəllim sadəcə tədris saatı qədər deyil, müəyyən vaxt ərzində məktəbdə qalmalı, bu müddətdə dərs hazırlığı, fərdi şagird məsləhətləri, fənn klubları və digər fəaliyyətlərlə məşğul olmalıdır. Bu yanaşma, məsələn, Finlandiya və Estoniya kimi təhsil sistemlərində effektiv nəticə verib - müəllim məktəbi tərk etmədən öz fəaliyyətini planlaşdıra, şagirdlərə dərs sonrası dəstək göstərə bilir. Müsbət tərəfi odur ki, bu, həm repetitorluğa olan tələbi azaldır, həm də məktəbi “canlı öyrənmə mühiti”nə çevirir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, müəllimin məktəbdə qalma saatlarının artırılması təkcə inzibati qərarla yox, eyni zamanda şəraitlə müşayiət olunmalıdır:

“Yəni müəllimə rahat iş yeri, psixoloji rahatlıq, texniki resurs və peşəkar azadlıq verilməlidir. Əks halda, bu sistem sadəcə əlavə yük kimi görünəcək və motivasiyanı azalda bilər. Ona görə də, bu model yalnız o halda uğurlu ola bilər ki, müəllimin əlavə vaxtı real dəstək və şəraitlə balanslaşdırılsın.

Nəticə etibarilə, “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər sadəcə bir məhdudiyyət kimi yox, təhsildə ədalət, keyfiyyət və şəffaflığın təmin olunması istiqamətində atılmış vacib addım olmalıdır. Əgər bu dəyişikliklər beynəlxalq təcrübələr nəzərə alınaraq mərhələli və balanslı şəkildə həyata keçirilərsə - həm valideynlərin, həm müəllimlərin, həm də şagirdlərin maraqları qorunacaq. Əsas məqsəd “repetitorluğu ləğv etmək” deyil, ona ehtiyacı minimuma endirmək və məktəbi yenidən təhsilin əsas mərkəzinə çevirmək olmalıdır”.

Chosen
34
37
modern.az

10Sources