İnternet resurslarının təhlükəsizliyi yüksək İT mütəxəssislərinə tapşırılmalıdır
Bu ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1 094 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib. Bu göstərici ötən ilin dövrü ilə müqayisədə 54% çoxdur.
Problemlə bağlı Modern.az-a texnobloger Fərid Pərdəşünas danışıb.
O qeyd edib ki, sözügedən nasazlıq az-orta əhəmiyyətli şirkət saytında aşkarlansa, normal hesab etmək olar.
Dövlət əhəmiyyəti olmayan, ölkə səviyyəsində heç bir məxfilik öhdəliyi olmayan internet portalında təhlükəsizlik boşluqlarının olması ciddi problemlərə yol aça bilməz.
Hər bir şirkətin veb layihəsində boşluqların tapılmasını normal hal hesab edən texnobloger vurğulayıb ki, dövlət əhəmiyyətli internet informasiya resurslarında təhlükəsizlik qaydalarının pozulması kifayət qədər narahatedici faktordur. Vətəndaşa xidmət edən qurumlar, əhalinin fərdi data məlumatları ilə işləyən təşkilatlar bunu xüsusi nəzarətdə saxlamalıdır:
“Təhlükəsizliyin yüksək səviyyəyə çatdırılması İT komandasının peşəkarlıq səviyyəsindən asılıdır. Azərbaycanda proqramçı hazırlayan kurslar yalnız başlanğıc səviyyədə kadr hazırlayırlar. Məxfi xarakterli resursların qurulması yüksək səviyyəli mütəxəssislərə həvalə olunmalıdır. Ali səviyyəli kadrın yetişməsi üçün 1-2 il kifayət deyil. Bunun üçün təhsilini başa vurmuş şəxs ən az müddət götürsək, 5 il praktik fəaliyyətlə məşğul olmalıdır".
Cavid Zahidoğlu