EN

Putindən Trampa nüvə təhdidi –Ordu rəhbərliyinə əmr verildi...


Trampın nüvə silahlarını sınaqdan keçirmək əmrindən sonra başlayan Rusiya-ABŞ gərginliyi daha da dərinləşir. Ağ Ev rəhbərinin qərarına sərt reaksiya verən Moskva administrasiyası hər hansı bir xoşagəlməz vəziyyət yaranarsa, əks tədbirlər görüləcəyi barədə Vaşinqtona xəbərdarlıq edib.

Son olaraq ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Mayk Kollinzin sosial mediada paylaşdığı "Nüvə bombasını işə salın" mesaj vəziyyəti daha gərginləşdirib.

Rusiya Prezidenti Vladimir Putin də Təhlükəsizlik Şurasının üzvlərinə nüvə sınaqları üçün lazımi hazırlıqlara başlamağı tapşırıb. Putin, ABŞ və ya Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi sazişinin hər hansı bir tərəfi nüvə sınağı keçirərsə, Rusiyanın "müvafiq tədbirlər" görəcəyini açıqlayıb. Putin həmçinin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və kəşfiyyat xidmətlərinə nüvə sınaqlarına hazırlıq işlərinə başlamağın məqsədəuyğunluğu barədə təklif hazırlamağı tapşırıb.

Müdafiə naziri Andrey Belousov isə Putinə ABŞ-ın hərəkətlərinə cavab olaraq dərhal nüvə sınaqlarına hazırlıqlara başlamağı təklif edib. Belousov nüvə silahı sınaqlarının Novaya Zemlya arxipelaqında keçirilməsini təklif edib.

Nazir buna səbəb kimi, ABŞ-ın strateji hücum silahlarının aktiv şəkildə artırılmasını, 13 min km mənzilli yeni qitələrarası ballistik raket üzərində işləməsini və 6-7 dəqiqə ərzində mərkəzi Rusiyaya çata biləcək “Dark Eagle” raketlərinin Avropada yerləşdirməsi planlarını göstərib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Trampın "nüvə silahları sınaqlarına başlamaq" qərarının müxtəlif nəticələrə səbəb olacağını bildirib və deyib ki, Rusiya tammiqyaslı nüvə sınaqlarının keçirilməsini nəzərdən keçirməlidir.

Medvedev, Trampın "nüvə sınaqları" dedikdə nəyi nəzərdə tutduğunu heç kimin bilmədiyini deyib: "Yəqin ki, o özü də bilmir. Amma o, ABŞ prezidentidir. Bu sözlərin nəticələri qaçılmaz olacaq. Rusiya tammiqyaslı nüvə sınaqlarının keçirilməsinin məqsədəuyğunluğunu dəyərləndirmək məcburiyyətində qalacaq".

Bu arada, ABŞ Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından döyüş başlığı olmayan Minuteman III qitələrarası ballistik raketinin planlaşdırılmış sınaq atışını həyata keçirib. Təxminən 6800 km məsafə qət edən raket Sakit Okeanda Kvajalein Atollunu vurub.

ABŞ Kosmik Qüvvələri bu sınağın raket sisteminin etibarlılığını və dəqiqliyini təsdiqləyən hərtərəfli dəyərləndirmə olduğunu açıqlayıb. ABŞ Hərbi Hava Qüvvələrinin Kolorado, Montana, Nebraska, Şimali Dakota və Vayominq ştatlarında yerləşdirilən təxminən 400 Minuteman III raketi var.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp oktyabrın 30-da Müdafiə Nazirliyinə (Pentaqon) nüvə silahı sınaqlarına "dərhal" başlamağı tapşırdığını açıqlayıb.

TAHİR

Chosen
38
baki-xeber.com

1Sources