EN

Azərbaycan Ermənistanın blokadasını sındırdı – 40 faiz ucuz, 3 gün tez!


Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğal dövründən qalma məhdudiyyətləri aradan qaldırıb.

Artıq bu qərarın real nəticələri görünməyə başlayıb. Rusiyadan Azərbaycan ərazisindən keçməklə 1048 ton 800 kiloqram buğda daşıyan 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana yola salınıb. Yüklər Gürcüstan üzərindən Ermənistana çatdırılacaq.

Eyni zamanda Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana daşınmasına da start verilib. Qazaxıstandan göndərilən təxminən 1000 tonluq 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçib və hazırda Biləcəri stansiyasındadır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev məlumat verib:

“Qatar Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək. Həm Rusiya, həm də Qazaxıstandan Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi də gözlənilir”.

g61kedc_1744699750-full.jpeg

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, bu qərar regionun logistika xəritəsini dəyişəcək miqyasda hadisədir:

“Əvvəllər bu yüklər Xəzər dənizi vasitəsilə İranın Ənzəli limanına, oradan Ermənistan sərhədinə qədər dəmir yolu ilə, daha sonra isə yük maşınları ilə daşınırdı. Bu proses təxminən 47 gün çəkirdi. İndi isə yüklər birbaşa Rusiya–Azərbaycan–Ermənistan marşrutu ilə daşınır. Logistika xərcləri azalıb, çünki artıq yüklərin dörd dəfə – gəmiyə, qatar, avtomobilə yüklənib-boşaldılması prosesi aradan qalxır”.

İqtisadçının hesablamalarına görə, yeni marşrut çatdırılma müddətini 3 gün qısaldır, xərcləri isə 40 faizədək azaldır:

“Bu, Ermənistan iqtisadiyyatı üçün ciddi üstünlükdür. Prezident İlham Əliyevin bu qərarı faktiki olaraq Ermənistan iqtisadiyyatına yeni nəfəs verdi. Bu, həm də regionda sülh prosesinə töhfədir. Ermənistan indi bu tranzit imtiyazını Zəngəzur dəhlizinin açılması istiqamətində atacağı addımlarla cavablandırmalıdır”.

Akif Nəsirli əlavə edib ki, bu qərar təkcə Ermənistan üçün deyil, Orta Asiya ölkələri üçün də yeni imkanlar yaradır:

“Çinlə Ermənistan arasında çox ciddi iqtisadi əlaqələr var. İrəvanda Çinin 40 hektarlıq ərazini əhatə edən nəhəng səfirlik kompleksi mövcuddur. Orada biznes və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu, təsadüfi deyil – Çin, Qazaxıstan və Ermənistan arasında artıq bir sıra müqavilələr imzalanıb. Yüklər bundan sonra Azərbaycan üzərindən daşınacaq. Bu, Ermənistana tarixi divident qazandırır. Ermənistan faktiki olaraq blokadadan çıxır və Xəzər dənizinə çıxış imkanı əldə edir”.

Ekspert hesab edir ki, bu proses yaxın perspektivdə regional iqtisadi inteqrasiyanın əsas sütununa çevriləcək:

“Çindən və Orta Asiyadan gələn yüklər artıq dolambac marşrutla İran və ya Gürcüstan üzərindən keçməyəcək, birbaşa Azərbaycandan Ermənistana daşınacaq. Eyni zamanda, Ermənistan da həmin istiqamətlərə çıxış əldə edəcək. Bu, həm iqtisadi, həm də siyasi baxımdan sülhə aparan yoldur”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu dəyişiklikləri müsbət qiymətləndirib: “Azərbaycanla Ermənistan artıq düşmən deyil və tərəflər sülh razılaşmasına doğru gedirlər. Əvvəllər də Rusiyadan, Qazaxıstandan gələn yüklər Ermənistan ərazisinə Azərbaycan üzərindən daşınırdı, lakin işğal illərində bu marşrut dayandırılmışdı”.

İndi Azərbaycan tərəfindən bu məhdudiyyətlərin aradan qaldırılması regionda iqtisadi əməkdaşlıq və sülh gündəliyinin yeni mərhələsi kimi qiymətləndirilir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
24
musavat.com

1Sources