EN

Zəfər Günü Tbilisidə konsertlə qeyd edilib - FOTO

Tbilisidə Azərbaycanın 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilən konsert proqramı təqdim olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bayram tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rustaveli adına Milli Teatrda keçirilib.

Öncə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib, Zəfərimizə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçıları ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin dövlətçiliyimiz tarixindəki əhəmiyyətindən, azad olunmuş ərazilərdə aparlan genişmiqyaslı bərpa-quruculuq işlərindən söz açıb.

O, müharibə zamanı Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana göstərdiyi böyük maddi və mənəvi dəstəyi yüksək qiymətləndirərək təşəkkür edib.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev müharibə dövründə xalqımızın və dünya azərbaycanlılarının birliyindən danışıblar, şanlı Zəfərimizin xalqımızın əzmini və tarixi ədalətin təntənəsini təcəssüm etdirdiyini bildiriblər.

Müğənni Zamiq Hüseynov vətənpərvərlik mövzusunda mahnılarla, Gürcüstanın “Erisioni” dövlət ansamblı rəqs nömrələri ilə çıxış edib.

Konsert proqramını izləyənlər arasında Türkmənistan səfiri Dövlətmurad Seyidməmmədov, Qazaxıstan səfiri Malik Murzalin, Türkiyə səfirliyinin məsul əməkdaşları, Gürcüstan ictimaiyyətinin nümayəndələri, parlament üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan əsilli şəhidlərin yaxınları, azərbaycanlı icmanın üzvləri də olublar.


Chosen
9
5
sherg.az

6Sources