EN

“Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir” – Nəzakət Məmmədova


“Bu kitabda, əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür”.

Bu fikirləri Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova noybarın 6-da İmişli Rayon Mədəniyyət Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimat mərasimindəki çıxışında bildirib.

N.Məmmədova qeyd edib ki, Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub: “Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir”-deyə N.Məmmədova bildirib.

N.Məmmədova vurğulayıb ki, Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.

İradə SARIYEVA
İmişli-Bakı

Chosen
83
baki-xeber.com

1Sources