"Lukoil" Xəzər yataqlarından neftin Bakı limanına daşınmasını dayandırıb və Novorossiysk vasitəsilə ixrac üçün Mahaçqala limanına daşınmasına başlayıb.Bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin mənbələrinə görə, Rusiya bayrağı altında üzən "Lady Leila" tankeri 6 noyabrda Mahaçqalaya çatacaq və Korçagin yatağından 5000 ton neft daşıyacaq.
Noyabr ayında "Lukoil" Mahaçqala limanına təxminən 30.000 ton neft çatdıracaq və dekabr ayından etibarən Bakıya göndərilən bütün xam neft həcmini - təxminən 130.000 ton - Rusiya limanına yönləndirəcək.
Mahaçqaladakı limandan neft "Daqnefteprodukt" neft anbarına ötürülür. Daha sonra xam neft Bakı-Novorossiysk nəqliyyat sisteminin bir hissəsi olan Mahaçqala-Novorossiysk boru kəmərinə ötürülür. Bu neft ixrac üçün nəzərdə tutulub. Mahaçqaladakı neft terminalının ötürmə gücü ayda təxminən 400 min tondur.