EN

İçərişəhərdə Türk Miniatür Sənəti Muzeyinin açılışı və “Artel” yaradıcılıq birliyinin fəaliyyəti - FOTO

Bakı şəhərinin tarixi qəlbində - İçərişəhərdə - qədim Şərq incəsənətinin müasir baxışla qovuşduğu yeni mədəniyyət məkanı - Türk Miniatür Sənəti Muzeyi açılıb.

İçərişəhər İdarəetmə Qurumunun və onun rəhbəri Rüfət Mahmudun dəstəyi ilə muzey üçün XİV əsrə aid nadir memarlıq abidəsi  ayrılıb.
Layihənin həyata keçirilməsində xüsusi rolu olan Elmar Qaşımov, Art Groupun rəhbəri kimi bərpa işlərində şəxsən iştirak edib və bu tarixi binaya yenidən ruh və həyat bəxş edib.

Bu addım mədəni irsin davamlılığının rəmzinə çevrilib: məhz burada, qədim Bakının daş tağları altında, Şərq incəsənətinin ən zərif istiqamətlərindən biri - türk miniatür sənəti yenidən doğulur.

Türk Miniatür Sənəti Muzeyi - Azərbaycanda bu sahəyə və onun müasir yozumlarına tam həsr olunmuş ilk mədəniyyət mərkəzidir. Muzeyin missiyası - Azərbaycanın, Təbrizin, Səmərqəndin, Buxaranın və İstanbulun məktəblərinin mənəvi irsini qorumaq, həmçinin gənc nəsil rəssamları ənənə ilə yaradıcılıq dialoquna təşviq etməkdir.

Layihə “Artel” yaradıcılıq birliyinin iştirakı ilə həyata keçirilir. Birliyin fəaliyyəti Azərbaycanda miniatür sənətinin yenidən dirçəlməsinə və ümumtürk mədəniyyət məkanında qarşılıqlı əlaqələrin gücləndirilməsinə yönəlib.

“Artel” rəssamları, tədqiqatçıları, xəttatları, ənənəvi texnika ustalarını və müasir vizual sənət müəlliflərini bir araya gətirərək qədim simvolika ilə bu günün bədii dili arasında körpü yaradır.

Birliyin ilk genişmiqyaslı layihəsi “Kölgəsiz Dünya” adlı sənədli film olub — türk miniatür sənətinin poetikasına, mənəvi işığına və təfəkkür fəlsəfəsinə həsr edilmiş bədii-sənədli səyahət.

Bu film “Artel” birliyinin təsisçiləri - rəssam Camilə Qaşımova və tarixçi Afəq Məmmədova tərəfindən ərsəyə gətirilib və muzey layihəsinin, eləcə də yeni yaradıcılıq əməkdaşlıqlarının başlanğıc nöqtəsinə çevrilib.

Muzeyin həyatında mühüm hadisələrdən biri isə  hal hazirda İstambulda calişan özbək rəssamı Cahongir Aşurovun sərgisi olub. Layihənin kuratoru -ArtEl biliyinin creativ direktoru Afaq Məmmədova tərəfindən təşkil edilən bu sərgi, “Fly to Baku” beynəlxalq festivalı çərçivəsində, “Su - Həyatın Axını” mövzusuna həsr olunub.
Ekspozisiyada qədim miniatür fəlsəfəsi su obrazı vasitəsilə təqdim olunub - su həyatın, hərəkətin və təmizlənmənin mənbəyi kimi. Su, eləcə də miniatür sənətinin özü kimi, yaddaşın və zamanlar arasında davamlılığın rəmzi kimi çıxış edib.

Cahongir Aşurovun sərgisi təkcə bədii hadisə deyil, həm də ümumtürk miniatür məktəbinin formalaşması istiqamətində mühüm addım olub — Azərbaycan, Özbəkistan, Türkiyə və regionun digər ölkələrindən olan sənətkarları bir araya gətirib.

Chosen
15
1
moderator.az

2Sources