EN

Xorvatiyada Zəfər Günü qeyd olunub

Zaqreb, 6 noyabr, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Zaqrebdə Zəfər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə, Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, deputatlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan və Xorvatiyanın Dövlət Himnləri səsləndirilib, daha sonra Vətən müharibəsindən bəhs edən videoçarxlar nümayiş olunub.

Səfir Anar İmanov Vətən müharibəsində qazanılmış qələbənin yalnız hərbi uğur deyil, həm də milli birliyin, xalqın iradəsinin və dövlətimizin qətiyyətinin təcəssümü olduğunu, 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik erməni işğalına son qoyularaq ərazi bütövlüyümüzün bərpa edildiyini, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam təmin olunduğunu diqqətə çatdırıb.

Diplomat, həmçinin Zəfər Gününün ölkəmizin müasir tarixində mühüm mərhələ olduğunu, regionda sülh, sabitlik və inkişaf üçün yeni imkanlar açdığını qeyd edib, Ermənistan-Azərbaycan münaqişəsi başa çatdıqdan sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldığını, Vaşinqtonda əldə edilmiş razılaşmaların sülh danışıqlarının həlledici mərhələsi olduğunu bildirib. Səfir Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması istiqamətində göstərdiyi səylər barədə də tədbir iştitakçılarına ətraflı məlumat verib.

Tədbir daha sonra ziyafət ilə davam etdirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

 

Chosen
35
1
azertag.az

2Sources