Dünən Bakıda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ" futbol komandası İngiltərənin "Çelsi" klubu ilə qarşılaşıb. Matç 2:2 bərabərliklə başa çatıb və təmsilçimiz aktivinə bir xal yazdırıb.
Redaktor.az-a dünənki oyunu şərh edən "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, dünənki bir xal bizim üçün üç xala bərabər idi.
"Komanda meydançanın hər santimetrində döyüşdü. Avropanın nəhənginə qarşı qorxmadan və çəkinmədən mübarizə apardılar. Mübarizə ilə yanaşı, komanda öz oyun prinsipindən də geri qalmadı. Yaxşı pressinq etdilər, topla çox yaxşı sahib çıxdılar, hətta möhtəşəm çıxışlar etdilər. Əvvəl qeyd etdiyimiz kimi, "Çelsi" yaxşı təzyiq edən bir komandadır və onun boşluğu yalnız arxada problemlər yarananda açılır. "Qarabağ" təzyiqdən (pressinqdən) çıxa bilsəydi, "Çelsi"nin qapısına təhlükəli vəziyyətlər yarada bilərdi. Komanda bunu bir neçə dəfə etdi. "Çelsi"nin müdafiəçiləri artıq özünəinamını itirmişdi, "Qarabağ" isə pressinqini bir neçə dəfə tətbiq edərək, rəqibi top itirməyə məcbur etdi. "Çelsi" arxadan rahat çıxa bilmirdi, bu da ümumilikdə oyuna təsir etdi. Etiraf etmək lazımdır ki, 90 dəqiqə boyunca "Çelsi" təzyiq altında idi".

Müsahibimiz sözlərinə görə, "Qarabağ"ın bu təzyiqə davam edəcəyinə, o qədər də inanmaq olmurdu, çünki "Çelsi" kimi intensiv oyunlar oynayan komanda Azərbaycan Premyer Liqasına nisbətən daha sürətlidir.
"Uşaqlar və məşqçi heyəti çox çalışmışdılar, "Çelsi"ni düzgün analiz etmişdilər və ən pis halda bir xal qazandılar. Mən hesab edirəm ki, komanda dünən üç xala da layiq idi. Bu, qələbədir. Bu qələbə ilə "Qarabağ"ımızı və bütün Azərbaycan xalqını təbrik edirik. Onlara böyük bir afərin düşür və gələcəkdə uğurlar arzulayırıq. Əminəm ki, belə cəsarətli və gözəl oyunla "Qarabağ" bütün Azərbaycan Premyer Liqalarına özünəinam verdi. Belə əzmlə "Qarabağ" növbəti oyunlarda da xal qazanaraq növbəti mərhələyə adlayacaq", - deyə Etibar İbrahimov yekunlaşdırdı.
Xədicə BAXIŞLI