EN

ABŞ-ın Orta Asiya siyasətinin taleyi Azərbaycandan asılı vəziyyətə düşür...


ABŞ prezidenti Donald Tramp son həftələrdə Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə mineral ehtiyatlarla bağlı sazişlər əldə edib. İndi isə diqqətini Orta Asiyaya yönəldir. Onun noyabrın 6-da Vaşinqtonda region liderləri ilə görüşü bu mənada mühüm əhəmiyyət kəsb edir.

Orta Asiya ölkələri böyük neft və qaz ehtiyatları ilə tanınır. Bu regionda ABŞ milli təhlükəsizliyi üçün vacib sayılan strateji minerallar və nadir torpaq metallarının çox işlənməmiş zəngin ehtiyatları da mövcuddur. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan mineral sərvətlərini ABŞ ilə daha güclü əlaqələr qurmaq üçün istifadə etməyi planlaşdırır. Vaşinqtondakı Yorktaun İnstitutunda Turan Araşdırmalar Mərkəzinin direktoru Cozef Epşteyn bildirir: “Orta Asiya ölkələri böyük yataqları və Orta Dəhlizə artan investisiyalar səbəbindən əlverişli vəziyyətdə görünürlər”. Orta Dəhliz Çini Orta Asiya və Qafqaz üzərindən Avropaya bağlayan 6 min 500 km-lik yeni ticarət yoludur və Rusiyadan yan keçir. Onun rerallaşmasında həlledici söz sahiblərindən biri qismində isə Azərbaycan çıxış edir. Bu da o deməkdir ki, ABŞ-ın Orta Asiya siyasətinin reallaşmasında Azərbaycan həlledici rola malikdir. Bunlar fonunda onu da qeyd edək ki, Tramp Asiya-Sakit okean bölgəsində “xammal diplomatiyası” aparıb, Çin lideri Si Cinpinlə görüşüb. Amma Pekinin nadir torpaq metallarının ixracına məhdudiyyətlər qoyması bu iki ölkə arasında ticarət münaqişəsini qızışdırıb. Çin bu elementlərin qlobal təchizat zəncirini güclü nəzarətdə saxlayır: nadir torpaq mədənlərinin 70 faizindən, emalının 90 faizindən, maqnit istehsalının 93 faizindən çoxunu idarə edir. Orta Asiyada 170 nadir torpaq metal yatağı mövcuddur. Onlardan 28-i iqtisadi baxımdan səmərəli sayılır, ilkin kəşfiyyat mərhələsində olanlar da var. Bölgənin böyük ölçüdə toxunulmamış yataqları Çinin nadir torpaq metalları təchizatı üzərində inhisarçılığına potensial alternativ ola bilər. Ekspertlərə görə, Orta Asiya ABŞ investisiyalarına uyğundur. Region ölkələri isə Çinin və Rusiyanın təsirini balanslaşdırmaq, bu iki qonşudan çox asılı olmamaq üçün bu investisiyanı istəyirlər. Turan Araşdırmalar Mərkəzinin direktoru Cozef Epşteyn bildirir: “Pekin və Vaşinqton bu fasilədən növbəti ticarət gərginliklərində üstünlük qazanmaqdan ötrü yararlanacaq. Orta Asiya ölkələri çoxvektorlu xarici siyasətlərini qorumağa çalışdığı bir vaxtda ABŞ daha əhəmiyyətli bir balanslaşdırıcı qüvvəyə çevrilir”. Tramp yanvarda hakimiyyətə qayıdandan bəri strateji minerallar Ağ Evin gündəmində olub. ABŞ Geoloji Xidmətinin milli və iqtisadi təhlükəsizlik üçün vacib saydığı təxminən 50 mineral, o cümlədən nadir torpaq metalları -külək turbini, smartfon və döyüş təyyarəsi mühərriklərində istifadə olunan 17 element də bu sıradadır.

ABŞ ilə Orta Asiyanın beş ölkəsini bir araya gətirən C5+1 formatı 2015-ci ildə ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə xarici işlər nazirlərinin sammiti ilə başlayıb. Elə bu formatda Birləşmiş Ştatların dövlət katibi Marko Rubio Vaşinqtonda, Dövlət Departamentinin binasında Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüş keçirib. Rubio Mərkəzi Asiya ölkələri ilə “5+1” formatında əməkdaşlığın yeni mərhələsinin başladığını elan edib. O, prezident Trampın rəhbərliyi altında Vaşinqtonun xarici siyasətinin ABŞ-ın milli maraqlarına möhkəm şəkildə əsaslandığını vurğulayıb və əlavə edib ki, həmin maraqlar çərçivəsində effektiv diplomatiya xaricdəki tərəfdaşlarla uzlaşdıqda öz səmərəsini verir: “Bizim milli maraqlarımız üst-üstə düşərsə, məhz o zaman tərəfdaşlıq qurmalı və dərin əlaqələr yaratmalıyıq”. Dövlət katibi qeyd edib ki, bu uyğunluq Mərkəzi Asiya ölkələri ilə bir çox sahələrdə mövcuddur.

ABŞ dövlət katibi iqtisadi inkişafı əsas ortaq prioritet kimi səciyyələndirib. O, Mərkəzi Asiyanın təbii sərvətləri davamlı böyüməyə çevirmək istəklərini qəbul edərkən, Amerika bizneslərinin yeni bazarlara çıxması üçün imkanlara diqqət çəkib: “Siz sadəcə enerji və ya mineral mənbəyi olmaq istəmirsiniz. Siz bundan məsuliyyətlə istifadə edərək iqtisadiyyatlarınızın digər sektorlarını qurmaq istəyirsiniz ki, xalqınız üçün uzunmüddətli imkanlar yaradasınız və daha da inkişaf edəsiniz”. Rubio ABŞ-ın bu regiondakı iştirakının son illərdə zəiflədiyini etiraf edib. O qeyd edib ki, belə formatda sonuncu sammit on il əvvəl keçirilib və hazırkı görüş Vaşinqtonun dünyanın tez-tez qlobal böhranların kölgəsində qalan bir hissəsində strateji varlığını bərpa etmək üçün bir şansdır: “Biz çox vaxt böhran və problemlərə o qədər çox vaxt sərf edirik ki, bəzən yeni maraqlı imkanlara kifayət qədər vaxt ayırmırıq”. Dövlət katibi gələn il Mərkəzi Asiyanın beş dövlətinin hamısına səfər etmək niyyətində olduğunu açıqlayıb: “Düşünürəm ki, bu, Mərkəzi Asiyadakı münasibətlərimizdə maraqlı fürsət və yeni bir dövrdür. Ağ Evdəki ofisimdən münasibətlərin daha da inkişafı üçün əlimdən gələni etmək niyyətindəyəm”.

Orta Asiya liderləri indi qarşılarında yaranan fürsəti dərk edirlər. Özbəkistan prezidenti Şavkat Mirziyoyev 500 milyon dollarlıq nadir torpaq metallarının hasilatı layihələri üzrə planlarını açıqlayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il parlamentdə çıxışında nadir torpaq metallarının “yeni neft”ə çevrildiyini, onların işlənməsinin prioritet vəzifə olduğunu bildirib. Amma regiondakı yataqların böyük hissəsi hələ də tədqiq edilməyib, istifadə olunmur, bəzi hallarda isə hələ sovet dövrü geoloji araşdırmalara əsaslanır. Apreldə Qazaxıstan ehtiyatları 20 milyon tondan çox olan böyük nadir torpaq metalları yataqları aşkarladığını açıqlayıb. Beynəlxalq şirkətlər hələ bunu təsdiqləməlidir. Təsdiqlənərsə, Qazaxıstana nadir torpaq metallarının ehtiyatlarına görə dünyada Çin və Braziliyadan sonra üçüncü yerə çıxa bilər. ABŞ-nin Qazaxıstandakı keçmiş səfiri, “Rand Corporation” tədqiqat təşkilatının baş elmi işçisi Uilyam Kortni deyir ki, Orta Asiya hökumətləri ABŞ ilə nadir torpaq metallarının, digər mühüm mineralların tədqiqi, hasilatı və ixracı sahəsində əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə onların emalına sərmayə qoyuluşuna maraq göstərirlər. Çin nadir torpaq metallarının emalı sahəsində, demək olar, tam monopoliyanı saxlayır. Onilliklər boyu davamlı sərmayələr qoyub, emal prosesində ekoloji tənzimləmələr zəif olub. Kortni deyir: “Əgər siz ABŞ olaraq rəqabət aparmaq istəyirsinizsə, sərt ekoloji qaydaları olmayan, emalının öz ərazisindən təşkilinə hazır digər ölkələr tapmalısınız”. Bu arada Orta Asiya ölkələri artıq mədən şirkətlərini cəlb etmək üçün qanunvericiliklərini uyğunlaşdırıblar. ABŞ sərmayəsinin cəlbi üçün isə xarici kapitalın bazara daxil olmasına mane olan baryerlər azaldılmalıdır. Region liderləri logistika marşrutlarına da daha çox sərmayə cəlb etmək istəyirlər. Rəsmi adı Transxəzər Nəqliyyat Dəhlizi olan Orta Dəhliz regionun mineral sərvətlərinin daşınmasında əsas arteriya rolunu oynayacaq. Bu marşrut artıq Avropa, Çin və Ərəb Körfəzi ölkələrindən sərmayələr cəlb edib. Orta Asiya liderləri ümid edirlər ki, Vaşinqtonun regionun mineral resurslarına marağı əlavə sərmayələr gətirəcək.

Nahid SALAYEV

Chosen
28
baki-xeber.com

1Sources