EN

“Qarabağ”a təşəkkür borcumuz..!

Bəzən elə oyunlar olur ki, onunla bağlı çox şey yaza bilmirsən.

O mücadilə qələmin fövqündə dayanır.

Sadəcə, susub qalırsan, donub qalırsan, karıxıb qalırsan.

Təəccüblənirsən, heyrət edirsən, çiyinlərini çəkirsən və gözlərinə inana bilmirsən. İçdən-içə pıçıldayırsan: «Bu, olacaq şey deyil».

Dünən «olacaq şey deyil» dediyimiz hadisə baş verdi Bakımızda.

«Qarabağ» dünyanın ən bahalı heyəti ilə Çempionlar Liqasında uzun yola çıxmış «Çelsi»yə məğlub olmadı. Hesabda erkən geri düşdü, tez da tarazladı tablodakı rəqəmləri

. Birini də vurdu Marko Yankoviçlə və fasiləyə üstün yollandı. İkinci yarıya əvəzləmə ilə başlayan «Çelsi» «2»ləri cütləşdirdi, bundan artığına isə gücü çatmadı.

Epizodlar yaxaladılar, Mateuş Koxalskini keçə bilmədilər.

Yenə də Aleksey Kaşuk qəhrəmanı ola bilərdi dünənki gecənin.

Portuqaliyada «Benfika»nın «tabut»una üçüncü mismarı vurmuş ukraynalı Bakıda da 3-cü qolumuzun müəllifi olacaqdı: əgər 90+3-cü dəqiqədə cinah ötürməsini qapının uzaq küncünə fırlatmağı düşünsəydi.

Eybi yox, qəm etməyə dəyməz! Bütün bunlar arxada qalıb. Dünəndən bəri dünyaya boylanan isə nəticədir.

İndi yer üzünün dörd bir tərəfində danışırlar ki, «Qarabağ» klublarası dünya çempionatının son qalibini iki qolla büdrətdi.

Startda yalnız «Bayer»nə uduzmuş, «Benfika» və «Ayaks»ı üstələmiş «Çelsi» belə bir sonucla üzləşəcəyini öncədən təxmin etsəydi, Bakıya iki gün öncədən gələrdi, rotasiyaya getməzdi.

«Qarabağ» yanıltdı onları. Öz sisteminə sadiq qalaraq, Qurban Qurbanovun müəyyənləşdirdiyi oyun intizamından imtina etməyərək, ondan qopmayaraq.

«Çelsi»nin üçüncü zonada davamlı pressinqindən çəkinməyən, hücuma qapıçıyla başlayan, cərimə meydançasından topla çıxan, yalnız mərkəz xəti keçəndən sonra sürətini işə salan «Qarabağ»ı izləmək necə də əzab verirdi Mareskayla.

Vaxtilə «Sevilya» ilə iki dəfə Avropa Liqasını qazanmış ispaniyalı çalışdırıcı 90 dəqiqə sakit dayanmadı. Gah qalxdı, gah əyləşdi.

Gah qışqırdı, gah bağırdı.

Onu haldan-hala salan, tövrünü pozan «Qarabağ»ı Azərbaycana bəxş etdiyi üçün bir daha Qurban Qurbanova təşəkkürlər!

Hocasının, futbolçusunun arxasında dayandığı üçün «Qarabağ» rəhbərliyinə təşəkkürlər!

«Tofiq Bəhramov»u ağzınadək dolduran, 1 dəqiqə susmayan, «Qarabağ»ı irəli səsləyən, «Çelsi»nin ulduzlarının qulağını batıran o azarkeş ordusuna təşəkkürlər!

Hamısı bir yerdə Azərbaycana unuduzlmaz gecə yaşatdılar. Bəlkə «Qarabağ» gələcəkdə bundan da möhtəşəm sevincli günlər bəxş edəcək bizlərə, bilmək olmaz.

Amma dünənki gecə bambaşqa bir gecə idi. Ömürlərdən, yaddaşlardan heç zaman silinməz bir gecə!

ELNUR

Chosen
38
sportinfo.az

1Sources