“Ümumtəhsil məktəblərində şagirdlərin aqressiyası, müəllimlərə qarşı hörmətsizlik və ümumi nizam-intizam qaydalarını pozması bir neçə səbəbdən qaynaqlanır. Mən bu məsələnin əsas səbəbini ilkin olaraq ailə mühitində görürəm. Hər bir uşaq evdən gətirdiyi tərbiyəni məktəbdə də sərgiləyir. Əgər ailədə müəyyən problemlər varsa, ailədaxili münaqişələr davam edirsə və yaxud da uşaq psixoloji travmalar alıbsa, o uşaq məktəbdə də eyni davranışları nümayiş etdirəcək. Ona görə bu məsələdə ilkin olaraq ailə tərbiyəsi önəmlidir. Yəni, ailə tərbiyəsi daha sağlam, münaqişələrdən uzaq, ali təhsilli və ya qayğıkeş ailələrdən gələn uşaqlarda ciddi problemlər demək olar ki, müşahidə olunmur. Lakin ailədaxili münaqişələr yaşayan, daxili təzyiqlərə məruz qalan və psixoloji problemləri olan uşaqlarda bu hallar daha çox görünür və bu problemlər orta ümumtəhsil məktəbinə qədər də davam edir. Əgər uşaq məktəbdə də bu davranışları sərgiləməsə belə, hərbi xidmətdə və ya cəmiyyətin digər sahələrində eyni davranışları nümayiş etdirəcək. Ona görə də ailə mühitində formalaşan tərbiyə uşağın davranışlarının ilkin və əsas mənbəyidir. Bununla yanaşı, orta ümumtəhsil məktəblərinin də üzərinə böyük məsuliyyət düşür. Məktəbin idarəedici heyəti, müəllimlər və sinif rəhbərləri nizam-intizam qaydalarını, şagird etik davranışlarını, hüquq və vəzifələrini tam şəkildə bilməli və tətbiq etməlidirlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Azərbaycanda məktəblərdə şagirdlərin aqressiv davranışı və müəllimlərə hörmətsizlik halları artıb. Ekspertlər bunun səbəbini həm ailə tərbiyəsinin, həm də məktəblərin sosial‑mənəvi tərbiyə funksiyasının zəifləməsində görürlər. Məktəblərin 17 %-ində ciddi davranış problemləri mövcuddur və “Şagird Davranış Qaydaları” pilot layihəsi çərçivəsində tədbirlər görülür, lakin nəticələr hələ geniş yayılan deyil.
Ekspert bildirib ki, məktəb rəhbərliyi məktəbi nizamnaməyə uyğun idarə etməli, şagirdlərin hüquq və vəzifələrini tam bilməli və onları düzgün tətbiq etmə bacarığına malik olmalıdır.