Noyabrın 6-da Azərbaycan–Özbəkistan II Gənclər Forumu keçirilib.
İdman.Biz bildirir ki, tədbir Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan və Özbəkistan himnləri səsləndirilib. Forum çərçivəsində iki ölkə arasında dostluq və birgə əməkdaşlığı vurğulayan videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Fərid Qayıbov, Özbəkistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Baxrom Aşrafxanov, Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisinin deputatı Günay Əfəndiyeva, Özbəkistan Respublikasının Ali Məclisinin senatı nəzdindəki Gənclər Parlamentinin sədri Laylo Aslonova, Özbəkistan Respublikasının Ali Məclisinin Qanunvericilik Palatası nəzdindəki Gənclər Parlamentinin sədri Otabekkhuja Sobitov çıxış ediblər. Daha sonra azərbaycanlı gənc Şəbnəm İbrahimli və özbəkistanlı gənc Xumoyun Soatov çıxış edərək öz fikirlərini bölüşüblər
Tədbir bədii hissə ilə, eləcə də rəngarəng və əyləncəli rəqs kompozisiyaları ilə davam edib.
Forumun növbəti hissəsi “Urbanizasiya və gənclik”, “Süni intellekt və innovasiyalar” mövzularında interaktiv panel müzakirələri ilə davam edib.
Gənclər mübadiləsi proqramı çərçivəsində Özbəkistan nümayəndə heyəti noyabrın 10-dək 2025-ci ilin “Gənclər Paytaxtı” Sumqayıt şəhəri, həmçinin Füzuli, Şuşa və Xankəndi şəhərlərinə səfər edəcək və müxtəlif gənclər fəaliyyətlərində iştirak edəcəklər.