EN

Lavrov Putinin etimadını itirir: Rusiya XİN rəhbəri əsas beynəlxalq platformalardan uzaqlaşdırılıb...

G20 və ASEAN sammitlərində Rusiya nümayəndə heyətlərinə artıq başqa şəxslər rəhbərlik edəcək...

Poliqon xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 5-də prezident Vladimir Putinin keçirdiyi Təhlükəsizlik Şurasının operativ iclasına dəvət edilməyib. Həmin görüşdə Putin ölkədə nüvə sınaqlarının bərpası ilə bağlı təkliflərin hazırlanması barədə göstəriş verib. Lavrov Şuranın daimi üzvləri arasında iclası təkbaşına buraxan yeganə şəxs olub.

Rusiyanın “Kommersant” nəşri hökumət mənbələrinə istinadla yazır ki, onun “yoxluğu əvvəlcədən razılaşdırılmış” olsa da, bu, Kreml daxilindəki son dəyişikliklər fonunda diqqət çəkib.

Eyni zamanda, Lavrov bu il G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri postunu da itirib. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu vəzifəni administrasiyanın rəhbər müavini Maksim Oreşkin icra edəcək. O, bunun birbaşa Putinin şəxsi qərarı olduğunu bildirib. ASEAN sammitində isə nümayəndə heyətinə baş nazirin müavini Aleksey Overçuk rəhbərlik edəcək.

Qərb KİV-ləri yazır ki, Lavrovun “kənarlaşdırılması” ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçirilməli olan görüşün pozulmasından sonra başlayıb. “Financial Times” və digər nəşrlərin məlumatına görə, görüşün ləğvinə səbəb Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə apardığı danışıqlar olub. Bu söhbətdən sonra Vaşinqtonda belə qənaətə gəlinib ki, Moskva kompromisə hazır deyil və Trampın Putinə görüş təklifi geri çəkilib.

“Financial Times”ın mənbəsi qeyd edib ki, Lavrov “açıq şəkildə yorulub və artıq ABŞ-la qarşılıqlı fəaliyyətin prezident Putinin arzuladığı qədər vacib olmadığını düşünür”. Nəşr həmçinin yazır ki, Lavrovla Rubio arasında telefon danışığından əvvəl Rusiya XİN-in Vaşinqtona Ukrayna ilə bağlı “maksimalist tələblər” ehtiva edən sənəd göndərməsi vəziyyəti daha da gərginləşdirib.

Rusiya XİN isə iddiaları təkzib edib. Nazirliyin sözçüsü bəyan edib ki, sözügedən sənəd “memorandum deyil”, sadəcə tərəflərin mövqelərini əks etdirən işçi sənəd idi və Tramp–Putin telefon danışığından əvvəl göndərilmişdi.

Bununla belə, Rusiya daxilində Lavrovun siyasi mövqeyinin zəiflədiyi açıq görünür. “Nezygar” teleqram kanalı yazır ki, sammitin ləğvindən sonra Putin Lavrovla “çətin söhbət” aparıb və bəzi Kreml məmurları onu “sabotajda” ittiham ediblər. Mənbənin sözlərinə görə, Lavrov hazırda “ruhdan düşüb”, Kremlin daxilindəki intriqaların mərkəzinə çevrilib və bir çoxları hesab edir ki, o, Şoyqunun taleyini yaşayır — yəni Putinin etimadını itirən və siyasi çəkisini itirən fiqura çevrilib.

Poliqon.info

Chosen
38
poliqon.info

1Sources