EN

İslam İnkişaf Bankı Qarabağ kanalına kredit ayıracaq

Qarabağ suvarma kanalının tikintisi Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirməsi ilə həyata keçiriləcək. Bununla bağlı bankın 51-ci iclasında 5 illik kredit sazişinin imzalanması nəzərdə tutulur.

Hazırda isə Qarabağ suvarma kanalı və onun kənd təsərrüfatına, ətraf mühitə, eləcə də sosial sahələrə təsirləri barədə İslam İnkişaf Bankının ünvanladığı sorğular cavablandırılır. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağ kanalının Mingəçevir su anbarının sahilində yerləşən baş suqəbuledici qurğusu vasitəsilə buradan götürülən su uzunluğu 1072 metr, diametri 4,9 metr olan tuneldən keçərək sözügedən kanala ötürülür. Qarabağ kanalının uzunluğu 172,4 kilometr, normal su sərfi saniyədə 113 kubmetrdir. Kanalın üzərində 119 ədəd müxtəlif təyinatlı hidrotexniki qurğu quraşdırılıb.

168 kilometr beton üzlüklü yeni kanalın isə mövcud kanala paralel çəkilməsi və onun suburaxma sərfiyyatının saniyədə 135 kubmetrə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, SCADA sistemi ilə təchiz olunacaq yeni kanal vasitəsilə daha 51 min 34 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi və nasos stansiyalarının yenilənməsi planlaşdırılır.

Xatırladaq ki, Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi ölkə Prezidentinin ötən il imzaladığı “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam əsasında həyata keçirilir.

 

Chosen
3
3
xalqqazeti.az

4Sources