EN

İki nəhəngin nüvə gərginliyi: Soyuq müharibənin kölgəsi qayıdır

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi verib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ-nin siyasəti Moskvanı yenidən nüvə sınaqlarının mümkünlüyü barədə düşünməyə vadar edib.

Bakıvaxtı.az bildirir ki, Trampın bu qərarından sonra Rusiya yeni nəsil strateji silahlarından olan "Poseydon" nüvə enerjili pilotsuz sualtı aparatının (PUA), eyni zamanda "Burevestnik" adlı nüvə enerjili raketini sınaqlarını keçirib. Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin səlahiyyətli üzvlərlə görüşərək Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə, xüsusi xidmət orqanlarına və mülki qurumlara tapşırıq verib. O,  Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən brifinqdə onlara nüvə silahı sınaqlarına hazırlıq ehtimalı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

Putinin nüvə sınaqlarına hazırlıqla bağlı verdiyi tapşırıq nə dərəcədə real təhlükə yaradır? Bu addım yeni silahlanma yarışının başlanğıcı ola bilərmi?

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırkı silah yarışı soyuq müharibə dövründəki silah yarışından xeyli dərəcədə fərqlənəcək. Çünki Rusiyanın imkanları buna kifayət etməz, o cümlədən ABŞ-nin hərbi sənaye bazası və texniki nöqteyi-nəzərdən hazırlığı Rusiyadan çox üstündür:

"Ona görə də bu yarışa bənzər vəziyyət yaranarsa, assimmetrik yarış olacaq. Rusiya ABŞ ilə maliyyə imkanları və texniki məsələlər baxımından eyni səviyyədə deyil. Rusiyanın istehsal etdiyi silahlar və tətbiq etdiyi silah növləri həm ucuzdur, həm də texniki cəhətdən daha zəifdir. Lakin bu, o demək deyil ki, Rusiyanın silahları təsirsiz olacaq. Söhbət xüsusilə nüvə silahlarından gedir. Nüvə silahının yüngül versiyası belə çox təhlükəlidir".

İ.Vəlizadə hesab edir ki, yarışa bənzər vəziyyətin yaranması mümkündür. Ancaq ümumi mənada Rusiya artıq uduzmuş kimi görünür.

 İlqar Vəlizadə: Yarışa bənzər vəziyyət yaranarsa, assimmetrik yarış olacaq 

"Bütün hallarda hər şey hadisələrin gedişindən və silahların tətbiqindən asılıdır. Silahların tətbiqi prosesi məhz hərbi əməliyyatlarda nə dərəcədə effektiv olub-olmadığını da göstərir. Bunun üçün ən münasib poliqon hazırda Ukraynadır. Silahlamanın çox böyük mənfi cəhəti odur ki, istənilən halda hər iki tərəf üçün bu sınaq üçün bir poliqon lazımdır. Bu sınaq Ukrayna-Rusiya münaqişəsində müharibənin uzadılmasına səbəb olan amildir", - deyə müsahibimiz şərh edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
bakivaxti.az

2Sources