Belarus Prezidenti Aleksandr Lukaşenko ötən həftə ölkə ərazisində Rusiyaya məxsus orta mənzilli “Oreşnik” ballistik raketlərinin yerləşdirildiyini açıqlayıb. Bu addım Ukraynanın müdafiə təhlükəsizliyi üçün yeni risklər formalaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Forbes" nəşrinin məqaləsində qeyd olunub.
Bildirilib ki, “Oreşnik” raketləri ilk dəfə 2024-cü ilin noyabrında sınaqdan keçirilərkən yüksək atmosfer qatlarında uçub və bu, raketlərin Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirib. Eyni zamanda, raketlərin çox yüksək sürətlə hərəkət etməsi onların qarşısının alınmasını daha da mürəkkəbləşdirir.
Məqalədə qeyd olub ki, Belarusun coğrafi mövqeyi Rusiya üçün zərbələrin daha yaxın məsafədən endirilməsinə imkan yaradır:
“Minsk Kiyevdən cəmi 440 km məsafədədir. Bu isə Ukraynanın kritik infrastruktur obyektlərinə daha sürətli və dağıdıcı raket hücumları ehtimalını artırır. Bu şəraitdə Ukrayna ordusunun reaksiyası üçün zaman daha da azalacaq, buna görə də Kiyev Belarusdakı hərbi fəallığı diqqətlə izləyir və əlavə müdafiə tədbirlərinə hazırlaşır".