Oxumeni.az saytına istinadən ain.az xəbər verir.
G20 Zirvə görüşündə yekun bəyannamə qəbul edilməyə bilər
Cənubi Afrika Prezidenti Siril Ramafosa Cənubi Afrikanın sədrliyi dövründə Yohannesburqda keçiriləcək qarşıdan gələn İyirmilik Qrupunun (G20) sammitində yekun bəyannamənin qəbul edilməməsi ehtimalını istisna etməyib. O, bu açıqlamanı parlament üzvlərinin suallarını cavablandırarkən verib.
"Biz sammitdə yekun bəyannamənin qəbul edilməsini təmin etmək üçün çox çalışırıq", Ramafosa deyib. "Amma bu baş verməsə belə, Cənubi Afrikanın sədrliyi dövründə G20-nin bütün əsas iş sahələrini və əldə edilən nəticələri əks etdirən prezident bəyanatı olacaq." O bildirib ki, sammitdə qlobal bərabərsizlik məsələlərinə və onun aradan qaldırılması yollarına diqqət yetiriləcək. "Yohannesburq sammitinin digər prioriteti Qlobal Cənub ölkələrinin kreditə çıxışını yaxşılaşdırmaqla onların borc yükünü azaltmaq olacaq", - deyə prezident bildirib. "Qlobal Cənub ölkələri hazırda istifadə etdiklərindən daha aşağı faiz dərəcələri ilə borc ala bilməlidirlər."
Ramaposa vurğulayıb ki, qlobal iqtisadiyyat Afrikanın resursları, o cümlədən elm tutumlu sənaye sahələri üçün vacib olan minerallar olmadan fəaliyyət göstərə bilməz. "Kritik minerallar və onların qlobal iqtisadiyyatda istifadəsi məsələsi G20 sammitinin gündəliyindədir", - deyə o bildirib. "Biz bu resursların yalnız Afrikada hasil edilmədiyi, həm də Afrikada emal edildiyi bir vəziyyətə nail olmaq üçün çalışırıq. Afrikadan istehsal olunan məhsulların əvəzinə filizin ixrac edilməsi qəbuledilməzdir. Bu, mürəkkəb bir məsələdir, lakin biz bunu G20-də həll etmək üçün çalışacağıq."
Əziz Mustafa
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.