EN

Müşfiqin varisi: "Dilbər xanımı ikinci dəfə evləndiyi üçün qınayanlar bilsin ki..." - Müsahibə

Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiq haqqında illərdir müxtəlif iddialar səslənir. Son dövrlər sosial şəbəkələrdə onun “Yenə o bağ olaydı” şeirinin Arifə xanıma həsr olunması ilə bağlı yayılan məlumatlar şairin ailəsində və ədəbiyyat ictimaiyyətində ciddi narazılıq doğurub.

Kulis.az Ülvi Bahadırın görkəmli Azərbaycan şairi, repressiya qurbanı Mikayıl Müşfiqin əmisi oğlu, qəzəlxan Yunus Dağlının qızı Reyhan İsmayılzadə ilə müsahibəni təqdim edir.

– Reyhan xanım, Müşfiqin “Yenə o bağ olaydı” şeirinin Arifə xanıma həsr olunması barədə iddialar uzun illərdir gündəmdədir. Sizin bu məsələyə münasibətiniz necədir?

– Müşfiqin “Yenə o bağ olaydı” şeirini vaxtilə Milli Məclisin sədrinin müavini olmuş professor Rafael Hüseynov yazıçı Ənvər Məmmədxanlının bacısı Arifə xanımla olan müsahibəsindən sonra həmin şeirin Arifə xanıma həsr edildiyini öz kitabında qeyd etdi. Həmin vaxtlar da biz İsmayılzadələr və bir çox müşfiqşünas alim, filoloq bu məsələyə öz etirazını bildirdi. Həmin vaxtdan bəri məsələni dərindən araşdırmamış, sosial şəbəkələrdə özlərinə “jurnalist”, “araşdırmaçı” deyən şəxslər bu şeirin Arifə xanıma həsr olunduğunu paylaşırlar. Nəslimiz bu tip paylaşımları görən zaman həmin səhifələrə etirazını bildirir, faktlarla izah edir ki, şeir Arifə xanıma həsr olunmayıb.

Sual yaranır ki, Rafael Hüseynov niyə Mikayıl Müşfiqin varislərindən yox, məhz Arifə xanımdan bu məsələ ilə bağlı müsahibə alıb?

Ancaq

– Arifə xanımın bu iddianı səsləndirməsinin arxasında nə dayanırdı?

– Arifə xanım həmin vaxt çox yaşlı və xəstə idi, hətta bu mövzu ətrafından müzakirə apardığım alimlər bildirirlər ki, onun huşu özündə deyildi. Arifə xanım hansı əsasla iddia edib ki, şeir ona həsr olunub? Deyirlər, guya əlyazması var şeirin, amma evlənəndə əlyazmanı cırıb atıb.

Müşfiqşünas alimlərdən mərhum Gülhüseyn Hüseynoğlu deyirdi ki, mənə bir çox xanım məktub yazırdı, tədbirlərdə yaxınlaşıb deyirdi ki, Müşfiq bizə şeir həsr edib, məktub yazıb. Amma gətirin Müşfiqin arxivdəki əl yazıları ilə həmin yazıları qarşılaşdıraq, görək doğrudurmu?

Hətta sonradan Gülhüseyn müəllim deyirdi ki, o xanımlar etdikləri əməldən peşmanlıqlarını dilə gətiriblər, “Müşfiqi çox sevdiyimiz üçün belə bir yola əl atmışdıq” deyiblər. Bəlkə, elə rəhmətlik Arifə xanımın da Müşfiqə gizli məhəbbəti var idi?

– Müşfiqin sevgi şeirlərinin kimə həsr olunduğu məsələsində sizin fikriniz nədir?

– Mən Arifə xanımın da, Ənvər Məmmədxanlının da, Müşfiqin də ruhunu narahat etmək istəmirəm. Onlar artıq haqq dünyasındadılar.

Müşfiqin sevdiyi yeganə insan Dilbər Axundzadə olub. Bunu birmənalı olaraq hər kəs bilsin. O, sevgi şeirlərini də məhz Dilbər xanıma həsr edib. Dilbər xanımı da ikinci ailə həyatı qurduğuna görə qınayan, təhqir edənlər bilsinlər ki, baxmayaraq ikinci dəfə ailə həyatı qurmuşdu, onun Müşfiqə olan sevgisinin şəxsən mən şahidi olmuşam. O öz övladlarını Müşfiq ruhunda tərbiyə etmişdi.

Məncə, Müşfiqə aid bir çox məlumatı, Dilbərə həsr etdiyi şeirləri Dilbər xanım olmasaydı, bu gün biz öyrənə bilməzdik. Dilbər ana olmasaydı, yaşamaq stimulu da yox idi Müşfiqdən sonra. Onun Müşfiqdən sonra həyat sevgisinin olmaması da elə Müşfiqə olan böyük məhəbbətindən irəli gəlirdi. O, ana olduqdan sonra ən azından övladları üçün yaşayaraq Müşfiqi də yaşatdı.
Bir şeyi də qeyd edim ki, cəmiyyətdə savadına, şəxsiyyətinə hörmət etdiyim bəzi şəxslər də Rafael bəyin kitabına istinad edərək deyir ki, bu belə olub. Rafael bəyin, görəsən, cəmiyyətdə yanlış fikir meydana gətirməsində səbəb nədir?

Həbsə

– Sosial şəbəkələrdə bu məsələ ilə bağlı yayılan paylaşımlara münasibətiniz necədir?

– Bu məlumatı tirajlayan şəxslər də Müşfiqin təhqir olunmasına gətirib çıxarırlar, deyəsən, nakam şairin ruhunu narahat etməkdən zövq alırlar. Mən dünənə qədər bu mövzu ətrafında bir neçə dəfə öz etirazımı sosial şəbəkə hesabımda, cəmiyyət içərisində bildirmişəm. Lakin dünən sosial şəbəkələrin birində yenidən bu məlumatın paylaşıldığını gördüm və şərhləri oxuyanda çox pis vəziyyətə düşdüm. Müşfiqi elə təhqir edirdilər ki, şəxsən dilə gətirməyə insan utanır.

Ümumiyyətlə, sosial şəbəkələri cəmiyyətimizin bir çox üzvü düzgün istifadə etmir, klassiklərimiz, ədiblərimiz haqqında həqiqətə uyğun olmayan, əsassız, kiminsə dilindən uydurma şəkildə eşitdiyi məlumatları paylaşır, özlərini reklam etməyə, məşhur olmağa çalışırlar.

– Bu iddialara son qoymaq üçün nə edilməlidir?

– Birdəfəlik bilinsin ki, həmin şeir Arifə xanıma həsr olunmayıb. Müşfiq gözəllik və sevgi şairi idi, bəli, amma onun bir çox şeirlərini oxuyub təhlil etmirik. Bunu heç bir çox filoloq alim də etmir. Müşfiq qısa ömrünə böyük əsərlər sığışdırıb. Bunu hər adam edə bilməzdi. Bu, Allahın Müşfiqə bir lütfü idi.

Belə bir söz var: “Allah sevdiyi bəndələri çox tez aparır bu dünyadan.” Demək, Müşfiq də Allahın sevimli bəndəsi idi.

Bundan əlavə, Müşfiqin yaradıcılığına uyğun olmayan, onun əsərləri arasında mövcud olmayan şeirləri onun adından yazırlar. Bu da yenə sosial şəbəkələrdə paylaşılır. Məsələn, bir müddət bundan əvvəl nəvəm öz dostuna etiraz edib ki, sənin paylaşdığın şeir Müşfiqin deyil, o da deyib ki, mənə süni intellekt deyib ki, Müşfiqindir.

Gənclərimiz inciməsin, hamıya şamil etmirəm, amma ətraflı araşdırmırlar. Biz cahil, savadsız millət deyilik, böyük şəxsiyyətlər yetişdirmiş millətik. Niyə axı hər gördüyümüzə həmin an inanır, araşdırmadan paylaşırıq?

Mikayıl

– Sizcə, Müşfiqin irsinin qorunması üçün hansı addımlar atılmalıdır?

– Keçən dəfə millət vəkillərindən biri küçə adları ilə bağlı çıxışında deyib ki, Müşfiqin adına küçə çoxdur. Həmin millət vəkilini amma niyəsə Müşfiqə və digər repressiya qurbanlarına düşmənlik edən şəxslərin adına olan küçələrin çoxluğu narahat etmirdi. Nədənsə Müşfiq onu daha çox narahat etmişdi.

Milli Məclisdə Müşfiq haqqında belə çıxışlar edənlərə müraciət edirəm: onun Xızıdakı Xatirə Muzeyi bərbad haldadır. Parlament olaraq qərar qəbul edin ki, orada yenidənqurma işləri aparılsın, Bakıda ev muzeyi açılsın. Bilirəm, bəlkə də, Milli Məclisin səlahiyyətində deyil, amma ən azından parlamentdə səsləndirilən fikirlər daha tez eşidilir və aidiyyəti qurumlar tərəfindən proses daha tez başladılır.

Həmçinin qeyd edim ki, həmin millət vəkilinə etirazımı sosial şəbəkədə bildirmişdim, hətta onun fikrini paylaşan sayta da yazdım ki, cavab reaksiyamızı paylaşın. Amma həmin sayt heç cavab da vermədi. Nədənsə mətbuatımızda (hamıya şamil etmirəm) bir tərəfin iddiasını paylaşıb, digər tərəfin cavabını paylaşmamaq dəb düşüb.

– Müşfiqin varislərinin hamısı bu mövqedədir, eləmi?

–Biz İsmayılzadələr olaraq qərarları hər zaman ortaq şəkildə veririk. Əgər hər hansı fikir paylaşılıbsa, digərləri o fikrə hörmətlə yanaşır. Çünki bir-birimizi incidəcək, nəslimizə xələl gətirəcək addım atmamağa çalışırıq.

Zənnimcə, bu vaxta qədər Müşfiqi sahibsiz zənn edənlərin qabağında susqunluğumuz yetəri qədər olub. Biz heç vaxt özümüzü reklam etməmişik. Atam Yunus (Dağlı) İsmayılzadə də heç bir yerdə “mən Müşfiqin qohumuyam” deyib özünü ortaya atmazdı.Düşünürəm ki, təvazökarlığımız səbəbindən Müşfiqin adından istifadə edənlər də çoxaldı.

Sakit olsaq belə, var olduğumuzu hamı bilir. Elə Müşfiq haqqında bizdən yox, başqalarından məlumat alanlar da. Hər halda, Müşfiqə aid olduğu ehtimal edilən sümüklər tapılanda DNT testi üçün nümunələr məhz bizdən, mənim qardaşımdan götürülmüşdü. Əmri cənab Prezident İlham Əliyev vermişdi.

Şəkilin

– Belə problemlər yaranmasın deyə qanunla da ölçü götürülməlidir.

– Bəli. Birdəfəlik hər kəs bilsin ki, dezinformasiya yayanlar qanun qarşısında cavab verəcəklər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Yəni əsərləri dövlət varidatı hesab edilən müəllifin həyat və yaradıcılığını təhqir edənlər qanun qarşısında mütləq cavab verməlidirlər.

Çox təəssüf ki, şəhid şairimiz, qanını və soyadını daşıdığım Müşfiqimiz belə məsələlərlə gündəmə gəlir və onun narahat ruhu bir daha narahat edilir.

Mən xahiş edirəm ki, onun həyat və yaradıcılığı düzgün şəkildə təbliğ olunsun.
Araşdırmaq istədiyiniz mövzular olanda bir çox jurnalist, alim və araşdırmaçı kimi bizə və əsl Müşfiqşünas alimlərə müraciət edə bilərsiniz.

Chosen
44
1
kulis.az

2Sources