EN

402 ci diviziyadan Filarmoniyaya Primitiv mahnısı dillər əzbərinə çevrilən bəstəkar

Kulis.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Tofiq Quliyevin doğum günüdür. Kulis.az bu münasibətlə Zümrüdün bəstəkar haqqında "Sənətkarlığın yüksək zirvəsini fəth edən bəstəkar" yazısını təqdim edir. Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən olan Tofiq Quliyev 7 noyabr 1917-ci ildə musiqisevər bir ailədə dünyaya göz açıb. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqilə 12 yaşından məşğul olmağa başlayır və Azərbaycan Konservatoriyası nəzdində məktəbin fortepiano sinfinə daxil olur. Bəstəkar hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur. Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olmuşdur. Müəllimləri Aysberq və Ştrasserdən dərs alıb. Onun konservatoriya illəri çox səmərəli olub. Çox keçmədən, o, Rudolfdan bəstəkarlığın sirlərini öyrənməyə başlayır. 1930-cu illərdə bir çox gənc, istedadlı bəstəkarlar kimi Tofiq Quliyev də folklor musiqisinin nümunələrini toplamaq və nota almaq işində böyük səy göstərir. "15 xalq rəqs" işləmələri, Azərbaycan mahnılarından ibarət 2 cild toplamalarda o, Bülbül ilə çiyin-çiyinə işləmişdir.

Müəlliminin məsləhətilə Tofiq Quliyev 1931-ci ildə ilk əsərini - Azərbaycan poeziyasının fəxri M.Ə.Sabirin "Dərsə gedən bir uşaq" şeirinə mahnı yazır. 1934-cü ildə Tofiq Quliyev Azərbaycan Konservatoriyasının fortepiano və dirijorluq fakültələrinə daxil olur, 1935-ci ildən isə onun Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyəti başlanır. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.

1938-ci ildən Tofiq Quliyev Azərbaycan xalq musiqi nümunələrinin toplanması və yazılması işində fəallıq göstərir. Onun yazıya aldığı xalq mahnıları, rəqslər, muğamlar Azərbaycan folklorşünaslığını xeyli zənginləşdirib. Həmin ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Tofiq Quliyev bir neçə musiqiçilə Moskva Dövlət Konservatoriyasına oxumağa göndərilir. Moskvada klassik musiqi ilə yanaşı, Tofiq Quliyev, həmçinin estrada musiqisi və xüsusən, caz ilə məşğul olur.

O, Aleksandr Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində pianoçu idi. Bakıya qayıtdıqdan sonra Tofiq Quliyev təzəcə yaratdığı orkestrin fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Böyük Vətən müharibəsi başlanır və bəstəkar könüllü surətdə 402-ci diviziyada vətənə xidmət etməyə gedir. 1939-cu ildə Bakıya qayıdır və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradır. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazır. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinə rəhbərliyə başlayır. Müharibədən sonra paytaxtımızdakı bir çox teatrlarla əməkdaşlıq edir. 1940-cı illərdə həm də kinoda işləməyə başlayır. Müharibədən sonrakı illərdə bəstəkarın yaratdığı estrada orkestri tez bir zamanda bərpa olunur. Onun mahnıları ildırım surətilə şöhrət qazanır. Nəinki respublikada, o zaman mərkəz olan Moskva və Moskva ətrafında dünyaşöhrətli müğənnimiz Rəşid Behbudovun sayəsində Tofiq Quliyevin adı məşhurlaşır.

1948-ci ildə Tofiq Quliyev İkinci Dünya Müharibəsilə bağlı Moskva Konservatoriyasında dayandırılan təhsilini dirijorluq və bəstəkarlıq fakültələrində davam etdirir və 1954-cü ildə Konservatoriyanın aspiranturasını dirijorluq sinfini uğurla başa vurur. Həmin illər Tofiq Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr - mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanır. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ənənələrilə üzvi şəkildə uyuşur.

Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa ediblər. O zamanlar məşhur olan "Qaya" vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaldır. Tofiq Quliyev mahnıların təravəti bəstəkarın xalq musiqisini dərin hiss etməyindən doğur. Tofiq Quliyev musiqisindəki, üslubundakı bənzərlik bəstəkarın yaratdığı çoxsaylı melodik inkişaf xəttindən doğur. Həm də Tofiq Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti ondan ibarətdir ki, o, insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır. O, vokal cəhətdən düşünə bilir, bir-birindən zəngin ifadəli və obrazlı kantilena melodiyaları yaradır. Forma cəhətdən tamamlıq, lakonizm və bitkinlik onun mahnılarının əsrarəngizliyini daha da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal musiqi uslubunu təşkil edən xüsusiyyətlərdir. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrini davam etdirərək, Tofiq Quliyevin musiqi dilindəki, diatonik major-minor Azərbaycan xalq lad sistemilə üzvi birləşir. Özünü göstərən ifadəli, həm də gözlənilməz parlaq modulyasiyasiyalar, yönəlmələr, lad dəyişkənliyi Tofiq Quliyevin harmonik dilinə xüsusi boya verir. 200-dən artıq mahnı yazan Quliyev mahnı melodik üslubunun təbiətini gözəl duyur.

Tofiq Quliyev bəstəkarlıq məktəbinin gözəl ənənələrindən bəhrələnərək, Azərbaycan estrada musiqisinin yaradıcılarından birinə çevrilir. Estrada musiqisinin müəlliflərindən olan bəstəkar 1960-70-ci illərdə bir çox beynəlxalq konfrans, festival və incəsənət günlərinin iştirakçısı olub. 70-ci illərin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Tofiq Quliyev birinci katib vəzifəsində Azərbaycan bəstəkarlar ittifaqına rəhbərlik edirdi. 1990-cı ildən isə o, ömrünün son günü - 2000-ci il oktyabrın 4-nə kimi Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Tofiq Quliyev 2004-cü il oktyabr ayının 4-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tofiq Quliyev sənətkarlığın ən yüksək səviyyəsində duran, xalqın ən sevimli bəstəkarı olmağıyla bərabər, bir insan kimi də xalq tərəfindən sevilmiş və qəbul olunmuşdu. Hər bir insanla münasibətdə, təmasda onun üstünlüyü həmişə hiss olunurdu, çünki o, çox yüksək biliyə malik, müasir düşüncəli bir şəxsiyyət idi. Bu baxımdan, Tofiq Quliyev digər sənətkarlarımızdan hər zaman seçilirdi. Tofiq Quliyev bəstəkarların içində ən gözəl pianoçu idi. Yaşının çox olmasına və uzun zaman məşq etməməyinə baxmayaraq, Tofiq Quliyev piano arxasında əyləşəndə, daim məşq edən ifaçını xatırladırdı. Yəni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, barmaqlarında olan "şirinlik" musiqisinə də sirayət etmişdi. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yoxdur ki, o mahnı xalqın ürəyincə olmasın, o melodiya xalq tərəfindən sevilməsin.

Ssenariyə görə Tofiq Quliyev "Bəxtiyar" filminin bir hissəsində çox primitiv, şablon bir mahnı yazmalı idi. Hətta qəsdən "primitiv" yazılmış mahnı yenə də çox gözəl alınmışdı. O mahnı sonradan ən sevimli mahnıya çevrilmişdi və xalq tərəfindən indi də sevilə-sevilə oxunur. Tofiq Quliyevdə aşağı səviyyəli musiqiyə rast gəlmirik. O, həm pianoçu, həm dirijor, həm də çox yüksək səviyyəli, böyük istedada malik, öz janrında dahi bir bəstəkar olmuşdur. Ondan soruşanda, niyə o, dirijorluq etmir, deyərmiş ki, mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm, amma Niyazinin qarşısında dirijorluq etmək günahdır. İnsana münasibətindən asılı olmayaraq, istedadlı adamlara həmişə baş əyərək, onları sevir, yüksək tuturdu. Məhz elə bu səbəbdən, Niyazi, Qara Qarayev, Fikrət Əmirov kimi böyük sənətkarlar Tofiqin yaxın dostları idi. Tofiq Quliyev Azərbaycan musiqi tarixində özünə çox böyük, dərin iz qoymuş bəstəkardır. Özü də bu yaradıcılıq, əsl "şəhər" yaradıcılığıdır. Çünki Tofiq Quliyevin əsərləri çalınanda insanın gözlərinin önündə birinci növbədə, Bakı canlanır. Bakı haqqında neçə mahnı yazıbsa, hamısı şedevrlərdir.

Görkəmli bəstəkardan böyük bir nəsil bəhrələnib

Tofiq Quliyev yaradıcılığından böyük bir nəsil bəhrələnib, ondan tərbiyə alıb. Tofiq Quliyev yaradıcılığı onlarda təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı, Azərbaycanın bütün guşələrini sevməyi - bütün bu hissləri oyadıb. Bu özü də bəstəkarın bir vətəndaş kimi ən yüksək səviyyəli cəhətlərindən biridir. Bu baxımdan, Tofiq Quliyev həqiqətən əvəzolunmaz böyük sənətkardır.

Kantilena və poetik obraz onun mahnılarında hər zaman vacib cəhət olmuşdur. Gözəl mahnı ustası Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinə bənzərsiz töhfələr vermişdir. Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsl bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf etmişdir. Bəstəkarın xidmətləri dəfələrlə ən yüksək dövlət mükafatlarına layiq görülür. Azərbaycan SSR xalq artisti (1964). Azərbaycan əməkdar incəsənət xadimi (1958). 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, 1961-64-cü illərdə Filarmoniyanın direktoru, 1958-59-cu ildən isə bədii rəhbəri olmuşdur. Bəstəkarın xidmətləri dəfələrlə ən yüksək dövlət mükafatlarilə qeyd olunub. Bəstəkar 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni və "Şərəf nişanı" ordenilə təltif edilib.

Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzədirlər. Yaddaşlarda iz salan, hər zaman sevilə-sevilən dinlənilən, mənəvi ruhumuzu qidalandıran böyük bəstəkarın mahnıları heç zaman unudulmayacaq.

"Əlimi Qurana basaram ki, o yalan deyir!" - "Yalan deyirəmsə, Allah məni şikəst eləsin!”

Məşhur qrupun üzvləri həbs oluna bilərlər

Erməni müstəntiqlər kimi Vəli Xuluflu ilə üzləşməyə məcbur etmişdilər?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
kulis.az

1Sources