EN

Ərdəhan Universitetinin rektoru: Qarabağ müharibəsinin şəhidləri təkcə Azərbaycanın deyil, həm də Türkiyənin qəhrəmanlarıdır

Ərdəhan, 7 noyabr, AZƏRTAC

Ərdəhan Universitetinin müəllim heyəti və hər bir tələbəsi Azərbaycanın qəhrəmanlarından birinin, qardaş ölkəmizin tarixi torpaqlarının azadlığı uğrunda mübarizə aparan şəhidin təhsil müəssisəmizin divarları arasında təhsil alması ilə fəxr edir.

AZƏRTAC xəbər verir ki, Türkiyədəki Ərdəhan Universitetinin rektoru, professor Öztürk Emiroğlu universitetin əsas konfrans mərkəzlərindən birinə Şəhid Mustafa Kərimovun adının verilməsi qərarına münasibət bildirib.

Rektor 44 günlük Vətən müharibəsindəki Qələbə ilə fəxr etdiyini bildirib və Azərbaycanın hər bir uğurunun və nailiyyətinin Türkiyə xalqına sevinc bəxş etdiyini bildirib. “Şəhidlərin şücaəti sayəsində bu gün torpaqlarımızı Vətən adlandırırıq. Ölkələrimizin qəhrəmanları bu torpağı bizə canları və qanları bahasına miras qoyublar. Şəhidlərin xatirəsi hər birimiz üçün müqəddəsdir”, - deyə o vurğulayıb.

Ö. Emiroğlunun sözlərinə görə, Azərbaycan xalqı haqlı olaraq öz qəhrəmanları, o cümlədən Ərdəhan Universitetinin məzunu Mustafa Kərimovla fəxr edir.

“Azərbaycan şəhidləri bizim də şəhidlərimizdir. Türk dünyası birdir və həmrəydir. Hər bir türk ölkəsinin ağrısı Türkiyə vətəndaşlarının qəlbində əks-səda verir. Biz qürur duyuruq ki, Qarabağ müharibəsinin şəhidi bizim universitetdə təhsil alıb”, - deyən rektor Mustafa Kərimovu “Türkiyə ilə Azərbaycanı birləşdirən qəhrəmanlardan” biri adlandırıb.

Şəhid Mustafa Kərimovun xatirəsinin Ərdəhan Universitetinin divarları arasında yaşayacağına əminliyini ifadə edən rektor əlavə edib ki, rəhbərlik etdiyi universitetin məqsədi Türkiyə ilə Azərbaycan arasında daha da yaxınlaşmaya, qardaş ölkələrin liderləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən qarşıya qoyulan hədəflərə çatmağa töhfə verməkdir.

O, Türkiyənin səkkiz universitetinin rektorlarının bu yaxınlarda Bakıya səfərini təşkil etdiyinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Rektor, həmçinin Bakı Slavyan Universitetinin, Qarabağ Universitetinin və Azərbaycanın digər ali təhsil müəssisələrinin rəhbərləri ilə danışıqlar aparmaq imkanı əldə etdiyini bildirib. O, Ərdəhan Universitetində ən çox xarici tələbənin qardaş ölkədən olmasından qürur duyduğunu da qeyd edib: “Bu tədris ilində Azərbaycandan 45 tələbə təhsilini Ərdəhan Universitetində davam etdirir. Ümid edirik ki, bu rəqəm daha da artacaq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
85
1
azertag.az

2Sources