EN

Ölümündən sonra başqasında yaşayanlar: “Vəfatdan sonra ailədən əlavə icazə alınmır” - MÜSAHİBƏ

Son vaxtlar Azərbaycanda ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

2025-ci ilin fevral ayından etibarən ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı 50-dən 600-ə yüksəlib. Bu addım insanların xeyirxahlıq və həyat xilas etmək istəyindən irəli gəlir.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova “Cebheinfo.az”-ın suallarını cavablandırıb:

- Yeganə xanım, donorluq üçün müraciət edən şəxslərin neçəsində ölüm sonrası donor prosesi həyata keçirilib?

- İndiyədək beyin ölümü təsdiqlənmiş şəxslər arasında sağlığında könüllü donorluq qərarını rəsmiləşdirmiş şəxs qeydə alınmayıb. Bu səbəbdən həyata keçirilən bütün orqan götürülməsi prosesləri mərhumun ailəsinin razılığı əsasında icra edilib.

- Əgər şəxs sağlığında donor olmağa yazılı razılıq veribsə, ölümündən sonra ailənin etirazı hüquqi prosesə təsir göstərirmi? Bu sənəd qanuni qüvvəyə malik sayılır, yoxsa ailənin qərarı üstün tutulur?

- Azərbaycan qanunvericiliyinə görə, 18 yaşını tamamlamış və tam fəaliyyət qabiliyyətli hər bir şəxsin ölümündən sonra orqanlarını bağışlamaq barədə verdiyi yazılı və ya donor reyestrinə daxil edilmiş qərar hüquqi qüvvəyə malikdir. Bu halda həmin şəxsin vəfatından sonra ailədən əlavə icazə alınmır, onlara yalnız məlumat verilir. Ailənin etirazı həmin qərarı ləğv etmir. Yəni insan öz bədəni üzərində iradəsini sağlığında rəsmiləşdirdikdə, bu qərar sonuncu və həlledici sayılır. Donorluq sistemi məhz şəffaflıq və şəxsi seçimə hörmət prinsiplərinə əsaslanır.

- Elə hallar olubmu ki, şəxs həyatdaykən donor olmaq istəyini təsdiqləyib, lakin vəfat etdikdən sonra ailəsi buna razılıq verməyib?

- Belə hal qeydə alınmayıb, çünki könüllü donorluq üçün müraciət edənlər arasında beyin ölümü təsdiqlənmiş şəxs olmayıb.

- Əgər şəxs donor olduğunu gizli saxlamaq istəyirsə və ailə bilmirsə, ölüm sonrası proses necə tənzimlənir?

- Şəxsin sağlığında donor olmaq üçün razılığını bildirməsi hələ onun donor olacağı anlamına gəlmir. Əgər belə bir şəxsdə reanimasiya şəraitində beyin ölümü diaqnozu təsdiqlənərsə və orqanları transplantasiya üçün uyğun olarsa, bu zaman ailə ilə əlaqə saxlanılır və bu barədə məlumat verilir. Bu mərhələdə ailə ilə izahat və psixoloji dəstək işi aparılır. Məqsəd şəffaflıq, etibar və insan iradəsinə hörmət prinsiplərinin qorunmasıdır.

- Ölüm sonrası donor olmaq istəyən şəxs həyatdaykən fikrini dəyişə bilərmi? Bu prosedur necə tənzimlənir?

- Ölüm sonrası donor olmaq istəyən şəxs istənilən vaxt donor olmaq barədə qərarını ləğv edə bilər. Bunun üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalı, daha əvvəl verdiyi yazılı razılığın ləğv edilməsi barədə ərizə təqdim etməlidir. Ləğv təsdiqləndikdən sonra qərar dərhal qüvvədən düşür. 

-Azərbaycanda könüllü donorlar tərəfindən ən çox hansı orqanlar bağışlanır?

- Donor olmaq üçün müraciət edən şəxslərin böyük qismi bütün orqan və toxumaların bağışlanmasına razılıq verir. Bununla belə, müraciət formalarında ən çox böyrək, qaraciyər, ürək və buynuz qişanın donorluğuna razılıq qeyd olunur.

- Orqan bağışlamaq əslində insanın son xeyirxahlığıdır. Fikrinizcə, insan hansı yaşda belə qərarı verməyə psixoloji cəhətdən hazır olur?

- Orqan bağışlamaq fərdin məlumatlı, şüurlu və könüllü seçimidir. Tam fəaliyyət qabiliyyətli və 18 yaşını tamamlamış hər bir şəxsin bu barədə verdiyi qərar yaşından asılı olmayaraq eyni hüquqi və etik çəkiyə malikdir. Qərarın əsas meyarları məlumatlılıq, öz razılığı və təzyiqsiz seçimdir.

Chosen
29
cebheinfo.az

1Sources