EN

Deputat ilk dəfə ad çəkdi: “Bu nazirdən narazıyam”

Təəssüf ki, ünvanına danışmaq istədiyim nazirlərin heç biri bu gün burada iştirak etmir. Deyirlər: “Dəyirman bildiyini yeyər, çax-çax baş ağrıdır”. Yenə eyni mənzərə, eyni müzakirələr – Milli Məclis, noyabr ayı, büdcə iclası. Keçən ilki və əvvəlki illərin müzakirələrindən fərqlənmir.

Əgər biz buradakı fikirlərimizlə real nəticələr əldə etməyəcəyiksə, bu dediklərimiz həyata keçirilməyəcəksə, niyə toplaşırıq? Niyə danışırıq? Özümüzə görüntü yaratmaq üçünmü? Onsuz da plenar iclasda bu sözlər təkrarlanacaq. Amma bəzi məsələləri, bəzi şəxslərə burada üzünə demək lazımdır ki, nəticə çıxarsınlar.

News365.az xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

“Mən mədəniyyət nazirinin fəaliyyətindən narazıyam. Keçən il dedim ki, bir məsələni qaldıracağam, başqa heç nə deməyəcəyəm. Sözümün üstündə dururam. Dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 1927-ci ildə tikilmiş bir binada birgə fəaliyyət göstərirlər. Orada 32 nəfərlik iki kollektiv fəaliyyət göstərir, lakin sanitar qovşaqları yoxdur. İnsanlar təbii ehtiyaclarını ödəmək üçün yaxınlıqdakı evlərə müraciət edirlər. Xahiş edirlər, yalvarırlar, əziyyət çəkirlər” – deyə o bidirib.

"Yaşından aslı olmayara sən - nazir o sahənin ağsaqqalısan. Sən necə razı ola bilərsən ki, ailə üzvlərin o cür miskin vəziyyətdə qalsın? Axı bu problemi həll edib ortadan qaldırmaq 2-3 min manata başa gəlir. Əgər iş 5 min manatdan yuxarıdırsa, tender elan edilə bilər. Amma 5 min manata qədər olan işləri nazirlik özü həyata keçirə bilər. Gərək İmişlidən bir özəl şirkətlə və ya təmir-bərpa təşkilatı ilə müqavilə bağlayasan, işçilər gedib 15 günə işi tamamlayıb təhvil versinlər.

Mən bu mövzuya toxunuram, amma qalanını saxlayıram plenar iclasa. Əgər bu məsələ məni bu qədər narahat edib pərt edəcəksə, mən bunu artıq sənə – Adil Kərimliyə bağışlamaram. Adına bax: Adil Kərimli. Hanı sənin adilliyin? Hanı sənin kərimliliyin? Allahın 99 adından ikisi səndədir, amma davranışların bu adlara uyğun deyil", - deputat əlavə edib.

Vitse-spiker Ziyafət Əsgərov isə Səyyad Aranın nazirin şəxsiyyətinə söz deməsinə irad tutub:

“Biz burada nazirin şəxsiyyətini müzakirə etmirik. Xahiş edirəm, hörmətlə, ədəblə, nizam-intizamla davranın. Siz ağsaqqal adamsınız. Sözünüz varsa, zəng edin, məktub yazın, görüş təyin edin, məsələni işgüzar qaydada həll edin. Bu şəkildə çıxış olmaz, Səyyad müəllim. Siz diplomat olmusunuz, baş konsul, deputat olmusunuz. Bu cür emosional və kəskin çıxış sizə yaraşmaz” – deyə o qeyd edib.

“Mən sizə bir il əvvəl bu məsələni demişəm. Heç bir tədbir görülməyibsə, mən də sizi saymaram. Mən də münasibətimi dəyişərəm. Məni məcbur etməyin ki, bu məsələni kollektivin qarşısında daha açıq şəkildə danışım. Belə olmaz. Məni bir ildir bu kollektivin qarşısında utandırırsınız” – deyə Səyyad Aran sonradan qeyd edib.

Chosen
47
news365.az

1Sources