EN

Sədərək mövzusu kimlərin yuxusunu ərşə çəkib?- ƏTRAFLI

Söz vermişəm ki, Sədərək mövzusuna bir daha qayıtmayacağam. Amma baxıram, hələ də “canişinin xalası oğlunun mirzələri” dayanmadan mənim statuslarımın altına heç bir mətiqə sığmayan fikirlər yazırlar. Mən də məcburam onların ən çox üzərində dayandıqları arqumentə bir daha cavab verəm.
Əzizlərim, iddia edirsiniz ki, Sədərəyə özünü erməni təcavüzündən qoruması üçün rayon statusu verilib. Və nə qədər ki, sərhədlərimizdə erməni var, Sədərək də öz statusunu qorumalıdır.
Arqumentinizin birinci hissəsində haqlısınız. Həqiqətən də sovet hakimiyyəti illərində Sədərəyin müdafiəsi üçün ona rayon statusu verilmişdi. Səbəb də o idi ki, ermənilər bizə hücum edən kimi, Naxçıvanda və Ermənistanda yerləşən rus ordusu müdaxilə edərək bu kəndin və ya qəsəbənin özünü müdafiə dəstələrinin əlini-qolunu bağlayırdı. Azərbaycan dövləti də rus ordusunun bu bəhanəsini əlindən almaq üçün Sədərək müdafiəçilərinə polis statusu vermək naminə bu yolu seçmişdi.
O dövrdən indiyədək 35 il zaman keçir. Allaha çox şükür, Azərbaycan bu müddət ərzində öz ordusunu yaratdı və onu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevirdi. İndi Azərbaycanın hər daşını, kəssəyini Silahlı Qüvvələrimiz qoruyur və öz işinin öhdəsindən pis də gəlmir. Hazırda polis qüvvələrimizin təyinatı asayişi qorumaqdır, sərhədləri yox. Eyni zamanda rayonların təyinatında sərhədləri qorumaq kimi bir vəzifə yoxdur. İcra hakimiyyətləri yalnız Azərbaycanın mərkəzi hakimiyyətinin çıxardığı qərar və qanunları həyata keçirməklə məşğul olmalıdır. Onlara ordunun işinə burun soxmaq kimi bir səlahiyyət də verilməyib. Əksinə, qanunvericili aktlarına əsasən, özünə aid olmayan işlərə müdaxilə etmək böyük cinayət hesab olunur.
Üstəlik, son zamanlar icra hakimiyyəti strukturlarında baş verən vəzifə cinayətləri sübut edir ki, əksər bu tipli hökumət orqanlarının bir vəzifəsi var: dövlətin rayon adlanan ərazilərə ayırdığı vəsaitləri talan etmək. Məhz bu ittihamla indiyədək 10-dan çox icra başçısı həbs olunub, bir çoxları da öz növbəsini gözləyir.
Azərbaycanda hazırda fəaliyyət göstərən icra hakimiyyəti strukturlarını bu əməllərinə görə parazitokratiya da adlandırmaq olar. Necə ki, parazitlər insan orqanizmində öz yerini möhkəmləndirib onun həzm etdiyi yeməklərin şirəsini öz canlarına çəkirlər, parazitokratiyanın yerli məmurları da bölgə insanının rifahına ayrılmış vəsaitləri həzmi-rabedən keçirməklə məşğuldurlar. Ona görə də neft və qaz gəlirlərimizin kəskin şəkildə azaldığı indiki şəraitdə rəsmi Bakı istəsə də, istəməsə də bu parazitokratik sistemi ləğv edib, daha optimal sistem yaratmalıdır. Başqa çarəsi yoxdur. Əks halda, ölkəmizi getdikcə sürükləndiyi iflasdan xilas etmək mümkün olmayacaq.
Bu məsələdə ən optimal variant hakimiyyəti icra strukturlarından alıb bələdiyyələrə verməkdir. Və bələdiyyələr öz fəaliyyətlərini əhalidən topladıqları xidmət haqqına görə sürdürməlidirlər. Məsələ bu qədər bəsitdir. Boş-boşuna “biz mütləq rayon olmalıyıq” inakarlığını bir kənara atıb dövrün tələbləri ilə ayaqlaşmaq lazımdır. Çox israr etməklə icra hakimiyyətini saxlaya bilməzsiniz. Bu sovet hakimiyyəti illərində mövcud olmuş kolxozları saxlamağa bənzəyər ki, artıq onların heç bir funksionallığı yoxdur və olmayacaq da.
Reallıqla hesablaşmaq lazımdır.
Heydər Oğuz, araşdırmaçı
Chosen
21
news365.az

1Sources